DSX-nin Sərhəd Nəzarəti Komandanlığına mediatur təşkil olunub - YENİLƏNİB-FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığına mediatur təşkil olunub. SİA xəbər verir ki, mediaturun məqsədi Sərhəd Nəzarətinin tarixi və xidməti fəaliyyəti və COP29-la əlaqədar olaraq görülən işlər barəsində məlumat verməkdir. Mediatur çərçivəsində təşkil edilmiş mətbuat konfransı zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev bildirib ki, Sərhəd Nəzarəti komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələrindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınmasından ibarətdir”.

Eyni zamanda bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfran-sının ölkəmizdə keçiriləcək 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqları başa çatıb. Ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidinin təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunmuş, zəruri tədbirlər görülmüş və bütün tapşırıqlar tam olaraq icra edilib.

Media nümayəndələri DSX-nin Sərhəd Nəzarət Komandanlığının video müşahidə mərkəzi, tədris sinifləri, xüsusi avadanlıqlarla təchiz olunmuş avtomaşınları ilə tanış olub.

COP29-la əlaqədar olaraq DSX-nin Sərhəd Nəzarəti Komandanlığının işçi qüvvəsi artırıldığı və iş rejiminin gücləndirildiyi bildirilib. Bu barədə məlumat verən DSX-nin Sərhəd Nəzarəti Komandanlığının hərbi qulluqçusu mayor Nicat Cahidzadə COP29 zamanı baş verə biləcək hər hansı fövqaladə hal zamanı sistemin və şəbəkənin dayanıqlılığının təmin edilməsi üçün müvafiq tədbirlər görüldüyünü qeyd edib: “Ölkəmizə gələn qonaqlar COP29 əməliyyat şirkətinin nümayəndələri tərəfindən qarşılanacaq. COP29 imzası ilə gələn əcnəbilər üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün isə 30 saniyə ərzində sənədlərin yoxlanılıb, dövlət sərhəddindən buraxılması təmin olunacaq. COP29 ərəfəsində yarana biləcək sıxlıq nəzərə alınaraq müasir tələblərə cavab verən avadanlıqların da sayı artırılıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə