Parlament layihəni ilk oxunuşda təsdiqləyib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilir. SİA xəbər verir ki, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında müvafiq qanun layihəsi parlamentin oktyabrın 8-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihədə Məcəlləyə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Bu dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

Təklif olunan dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə