“Cəbrayıl şəhər gününün bayram edilməsi torpaq sevgisini daha da artırır” - DEPUTAT DANIŞDI

“Müasir tariximizin ən parlaq səhifələrindən biri Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər günlərini millətimizin həyatına gətirməsidir. Məlum olduğu kimi, 1993-cü il avqustun 23-də Cəbrayılı işğaledən təcavüzkar Ermənistan rayondakı inzibati, sosial obyektləri, tarix-memarlıq abidələrini məhv etmiş, təbii sərvətləri vəhşicəsinə talamış, yüzlərlə günahsız insanı qətlə yetirmiş, minlərlə sakini məcburi köçkünə çevirmişdi. Cəbrayıl sakinləri ölkənin müxtəlif yerlərində yaşamalı olmuşdular”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, hər il işğal günündə rayon sakinləri Şəhidlər xiyabanını, digər yerlərdəki məzarları ziyarət edib, ata-baba torpaqlarına nə zaman qayıdacaqları arzusu ilə yaşayıblar. Buna ümid ediblər. Ancaq illər ötdükcəhəmin ümid də azalmağa doğru gedib. Bir çoxları nisgillə dünyasını dəyişib.

Xalqın torpaqlarının işğaldan azad edilməsinə, qələbəyə inamını Müzəffər Ali Baş Komandan İlham Əliyev yaratdı. 44 günlük Vətən müharibəsinin başlanğıcında kəndlərin, ilk növbədə Cəbrayıl rayon mərkəzinin işğaldan azad edilməsi bütün torpaqlardan işğalçının qovulacağına qəti inam doğurdu. Çətin relyefə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq göstərərək Cəbrayıl rayon mərkəzini azad etməsi hərbi-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşımaqla zəfərin müjdəsi oldu. Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan qələbə ilə düşmən əzildi, separatizmin kökü kəsildi, dövlət suverenliyi bütün ölkə ərazisində bərqərar edildi. Qara günlər geridə qaldı. Azərbaycan xalqı və dövlətinin həyatında yeni dövr başlandı.

Prezident İlham Əliyev müstəqillik tariximizdə bir ilk yaratdı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhər günü olaraq təsis edilməsi müstəqil Azərbaycan tarixinin böyük əhəmiyyət daşıyan hadisələrindən biridir.

Cəbrayıl şəhər gününün bayram edilməsi yurd, torpaq sevgisini daha da artırır. Millət onda Böyüklük duyğusu yaradan dövlət rəhbəri ilə qürur duyur.

İşğaldan azad edilmiş ərazilər, o cümlədən Cəbrayıl şəhəri bu gün dirçəldilir. Vandalların dağıtdığı yerlərdə müasir yaşayış binalarının tikilməsi, infrasturkturun qurulması, keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə planlı şəkildə qaytarılması ilə torpaqlarımıza yeni nəfəs gəlir. Zəngəzurda və Qarabağda gələcək Azərbaycan qurulur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə