“Ermənistan cəmiyyəti Rusiyadan məyus olub” - Ararat Mirzoyan

"Erməni cəmiyyətində və Rusiya ilə müttəfiqlik münasibətlərində böyük məyusluq var". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forumda deyib.

“Onilliklər ərzində erməni xalqı inanırdı ki, nəsə olarsa, Rusiya Federasiyası bizə kömək edəcək, bizi qoruyacaq. Amma ermənilər gördü ki, belə deyil, biz bu yardımı gözləmədik. Üstəlik, 2020-ci il müharibəsindən sonra Rusiya sülhməramlıları Qarabağa göndərildi, lakin biz gördük ki, məcburi köçkünlük zamanı sülhməramlı missiya işləmədi və özünü doğrultmadı”, - Mirzoyan bildirib.

O xatırladıb ki, "Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hücumu zamanı" İrəvanın KTMT-dəki rəsmi müttəfiqləri heç bir reaksiya verməyib. Mirzoyan qeyd edib ki, bütün bunlar ona gətirib çıxarıb ki, hazırda Ermənistan əhalisi alternativ yol axtarır.

“Mövcud vəziyyət bizi Avropa İttifaqı və ABŞ-a yaxınlaşdırıb. Cəmiyyətin dəyərləri kontekstində biz Aİ və Qərb ölkələrinə yaxınıq, lakin təhlükəsizlik baxımından Ermənistan xalqı psixoloji olaraq Rusiya Federasiyası ilə bağlıdır. İndi bu komponent yoxa çıxıb. İnsanlar artıq özlərini Aİ-yə tam bağlaya bilməmək üçün heç bir səbəb görmürlər”, - Mirzoyan bildirib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə