Azərbaycan xalqı Heydər Əliyev irsi ilə fəxr edir

Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

Fikir dahilərindən biri haqlı olaraq qeyd edir ki, qazanmadan əvvəl layiq olduğunuza inanın. Uzun illər işğal olunaraq dövlət müstəqilliyinə, vətəndaşlarının azad yaşamaq arzusuna divan tutulmuş Azərbaycan özgür yaşamağa layiq idi. Bu müstəqillik azadlıq, müstəqillik arzusuyla çarpışan, müxtəlif millətlərə, dinlərə qucaq açan Azərbaycanın haqqı idi.

Övladının qanı hesabına ölkəmiz tarixi haqqına qovuşdu. Azərbaycan müstəqilliyini dünyaya bəyan etdi, üçrəngli bayrağımız azadlığımızın təsdiqi kimi bütün ölkə ərazisində vətəndaşlarımıza sevinc yaşadırmış, onları xoşbəxt edirmiş kimi dalğalanmağa başladı. Amma xalqımız bu bəxtəvərliyin - azadlığın şirinliyini dadmamış onu itirmək təhlükəsi ilə üzləşdi. Təsadüfi şəxslərin rəhbərlikdə təmsil olunmasının nəticəsi olaraq müstəqil Azərbaycan yıxılmışdı. Yanlış daxili, xarici siyasət, populist bəyanatlar ölkəmizi beynəlxalq aləmdən təcrid etmişdi. Ölkədə işsizlik, ərzaq çatışmazlığı, digər sosial problemlər ümumvətəndaş itaətsizliyi yaratmış, ölkədə xaos hökm sürürdü. Azuolunmaz vəziyyətin nəticəsi olaraq torpaqlarımız işğal olunur, bütün bunlar azmış kimi ölkəni separatizm alovu bürümüş Azərbaycanın müstəqilliyi qəsd olunmağın bir addımlığında idi. Belə ağır, dözülməz vəziyyətdə meydanlara çıxan xalq təkidlə böyük Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Beləliklə, bütün fəaliyyəti dövründə xalqının maraqlarına şərəflə xidmət etmiş Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Vətənin dahi övladı ilk növbədə qardaş qırğınının qarşısını alaraq ölkədə sabitlik yarada bildi, həqiqi lider kimi xalqımızın milli birliyinə nail oldu. Ölkədə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, qanunun aliliyi təmin olundu. Respublikanın daxili və xarici siyasət kursunu tamamilə dəyişdirən böyük strateq Azərbaycanı sivil dünyaya inteqrasiya etdi. Daxili və xarici düşmənlərin bütün maneçiliyinə baxmayaraq böyük Heydər Əliyev ölkəmizi beynəlxalq münasibətlər sisteminin vacib aktoruna çevirdi.

Çevik, praqmatik qərarları, uzaqgörən siyasəti ilə dünyanı heyran edən Heydər Əliyev anti-Azərbaycan qüvvələrə sübut etdi ki, xalq-Lider birliyinin gücü qarşısında fövqəl dövlətlər belə zəifdir, müstəqil olmaq Azərbaycanın və azərbaycanlıların haqqıdır. Bu haqqı Dahi Lideri olan bir xalqdan heç bir qüvvə ala bilməz və hər hansı bir namərd gülləsi onu yolundan döndərə bilməyəcək. Heydər Əliyev belə tarixi şəxsiyyət, əzəmətli insan idi.

Məhz bunun nəticəsi olaraq 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində tarixi seçimini edən Azərbaycan mütləq səs çoxluğu ilə Heydər Əliyevi prezident seçdi. Beləliklə, tarixin bu günündə qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu, bütün sahələrdə sürətli inkişaf başlandı. Ölkənin siyasi müstəqilliyini təmin edən Ulu Öndər iqtisadi suverenliyinin təmin olunması istiqamətində tarixi uğura imza atdı.

İnkişafımızın fundamental əsaslarını yaradan ümummilli lider nəhəng investorları çətinliklə Azərbaycana cəlb edə bildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasına ən ağır siyasi şəraitdə nail olan Heydər Əliyev Azərbaycanın inkişafına nicat verdi. Bundan əvvəl qurtuluş tarixi yazan Heydər Əliyev bu müqavilənin bağlanmasını reallaşdırmaqla gələcəkdə qüdrətli olmağımızı təmin etdi. Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer haqlı olaraq qeyd edirdi ki, Heydər Əliyev Azərbaycanın böyük Lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Əlbəttə, xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi inkişafın, birlik və həmrəyliyin yol xəritəsi oldu. Ölkəni vətəndaş müharibəsindən xilas edən unudulmaz Heydər Əliyev təkcə ölkədə yaşayan soydaşlarımızın deyil, eləcə də dünya azərbaycanlıların milli birliyinə nail olmağı bacardı və könüllərin sevimlisi, 50 milyonluq xalqın mütləq Lideri oldu.

Azərbaycanın dövlət müstəqilliyini əbədi edən Heydər Əliyev özü əbədiyyət qazanaraq əbədi oldu. Dahi Lider məhz belə olur. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə