"Sərgi hərbi sənaye kompleksinin təkanverici bir faktorudur" - MÜNASİBƏT BİLDİRİLDİ

"ADEX- 2024 hərbi sərgisinə Azərbaycan beşinci dəfədir ki ev sahibliyi edir. Biz ildən-ilə müdafiə sənayemizin cənab İlham Əliyevin səyi nəticəsində sürətlə inkişaf etdiyini görürük". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov sözlərinə belə davam edib: "Hərbi sənayenin inkişafı hər bir dövlətin müdafiə qüdrətini artıran bir faktor olduğunu qəbul etmək lazımdır. Milli Məclisin 7-ci çağırış iclasında Azərbaycan Prezidenti öz çıxışında bu sahəyə də öz diqqətini yetirdi və müdafiə sənayesinin inkişafı, müdafiə sənayesinin Azərbaycanın təhlükəsizliyi və müstəqilliyi, suverenliyində rolu haqqında danışdı.

Ümumiyyətlə, bu sərgidə artıq Azərbaycanda özəl şirkətlərin müdafiə sənayesində iştirakının nəticələrini gördük. Çünki əvvəlki sərgilərdə müdafiə sənayesində özəl sektor iştirak etmirdi. 5-ci yubiley sərgisində Azərbaycanın müdafiə sənayesində artıq özəl sektorların iştirakı təmin olundu. Mən sərginin ziyarətçisi kimi deyərdim ki, Azərbaycanın bu sərgiyə həm ev sahibliyi, həm də ki Azərbaycanın orada açdığı bizə məxsus pavilyonunda istehsal olunmuş hərbi təyinatlı məhsulları görəndə adam qürur hissi keçirməyə bilməz. Bu birinci növbədə Azərbaycanın gücünün, qüdrətinin, inkişafının, elmi potensialının və ümumiyyətlə iqtisadiyyatının inkişafının göstəricisidir.

Bugün dünyada hər ölkə müdafiə sənayesinin inkişafına nail ola bilmir. Azərbaycanın müdafiə sənayesi cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi idxal coğrafiyası ildən-ilə genişlənir və Azərbaycanın fərdi təyinatlı müdafiə sənayesi tərəfindən istehsal olunmuş çeşidlər və texnika, silah demək olar ki, dünyada artıq tanınmış hərbi-sənaye komplekslərinin də diqqətini cəlb edir. Ümumiyyətlə, sərgi hərbi sənaye kompleksinin təkanverici bir faktorudur. Bu sərgidə olan dövlətlər bir daha Azərbaycanın nüfuzunun göstəricisidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə