"Qarabağda bərpa-quruculuq işləri sürətlə ​​​davam edir" - ŞƏRH OLUNDU

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 19-da Ağdam, Xankəndi və Şuşaya səfərləri və bir çox obyektlərin açılışında, təməlqoyma mərasimində iştirak etməsi, görülən işlərlə yaxından tanış olması, mühüm tikinti abadlıq, bərpa məsələləri ilə əlaqədar tapşırıqlar verməsi göstərir ki, işğaldan azad olunmuş ərazilərdə ölkə rəhbərinin nəzarəti altında bərpa - quruculuq tədbirləri uğurla davam etdirilir və Qarabağın cənnətə çevrilməsi ideyası müvəffəqiyyətlə həyata keçirilməkdədir”.​​​​​​​​​​ Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, Ağdamın Eyvazxanbəyli kəndinin təməlinin qoyulması, Kəngərli kəndində aparılan bərpa, Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların, İmarət Kompleksinin, “Ağdam City Hotel” - in açılışı, Ağdam şəhərində “İmarət” stadionunun təməlinin qoyulması deməyə əsas verir ki, Ağdam tez bir zamanda dünyanın ən müasir şəhərlərindən birinə çevriləcək və əhali tez bir zamanda öz ata - baba yurdlarına qayıdacaqdır.​​​​​​​​​​​ Ağdam - Əsgəran - Xocalı - Xankəndi avtomobil yolu artıq çəkilir. Ağdamda Nizami Gəncəvi adına 4 saylı orta məktəb təmirdən sonra istifadəyə verilib, “Bülbül” hotelində təmir - bərpa işləri sürətlə davam edir. Xankəndi Dövlət Dram Teatrının binası sürətlə tikilir, şəhərdə 1 nömrəli körpələr evi açılmışdır. Xankəndi şəhərində Zəfər Meydanında Konqres Mərkəzi inşa edilir. Şuşada Üzeyir bəy Hacıbəylinin ev muzeyi və Bayraq Meydanı açılıb və Azərbaycan Prezidenti bu tədbirlərdə bilavasitə iştirak etməklə özünün vətənə, torpağa bağlılığını, işğaldan azad olunmuş ərazilərdə görülən işlərə diqqət və qayğısını dünyaya nümayiş etdirir. O, qurucu, yaradıcı, xeyirxah, vətənpərvər rəhbər olduğunu, sülhə, əminamanlığa, təhlükəsizliyə önəm verdiyini bir daha göstərir.​​​​​​​ Əlbəttə ki, Azərbaycan xalqı öz rəhbərinin bəşəri ideyaları, torpaqlarının azadlığı və müstəqilliyimizin qorunması sayəsindəki fəaliyyəti ilə fəxr edir, suverenliyimizin tam bərpasından qürur duyur. Ölkə rəhbərinin regionlara səfərləri və görülən möhtəşəm işlər bunu deməyə əsas verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə