Tədbir iştirakçıları arxeoloji qazıntı aparılan ərazilərə səfər ediblər...
Türk Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 2024-cü il sentyabrın 14-dən 18-dək Şuşa şəhərində Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (The Association of Research Institutes and Centers of Archaeology of the Turkic World (ARICA) ilk rəsmi toplantısı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkistan, həmçinin Qaraqalpaq Muxtar Respublikasından və Tatarıstan Respublikasından (Rusiya Federasiyası) tanınmış elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev tədbirin Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində keçirilməsinin bütün Türk dünyası üçün simvolik olduğunu vurğulayıb. O, müasir dünya elminin çağırışlarına uyğun Türk dünyası arxeologiyasının qarşısında duran fəaliyyət istiqamətləri barədə konsepsiyanın əsas tezislərini açıqlayıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan bərpa və quruculuq işləri kontekstində arxeoloqların üzərinə düşən vəzifələrdən danışıb.
Sonra tədbir iştirakçıları “Türk-islam irsinin tədqiqatları” və “Türk xalqlarının Avrasiyada mədəni təsirləri” mövzuları üzrə sessiyalarda təqdimatlarla çıxış ediblər.
Sonda ARICA-nın Şuşada keçirilmiş toplantısının qətnaməsi qəbul olunub. Qətnamədə Türk dünyasının arxeoloji irsinin araşdırılmasında qarşılıqlı əməkdaşlığın istiqamətləri öz əksini tapıb.
Tədbir iştirakçıları işğal dövründə erməni işğalçılarının törətdiyi saysız vandalizm aktlarını sübut edən azərbaycanlı əhaliyə aid qəbiristanlıqların, məscidlərin, yaşayış məskənlərinin dağıntıları, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olub, həmçinin arxeoloji qazıntı aparılan ərazilərə səfər ediblər.
Qeyd edək ki, ötən il noyabrın 9-dan 10-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin I İşçi toplantısında arxeoloji tədqiqatlarda türk xalqları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas istiqamətlər müzakirə olunub. Görüş müxtəlif arxeologiya institutları və mərkəzlərinin nümayəndələri üçün ortaq problemləri və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün platforma rolunu oynayıb.
Görüşün ilkin nəticəsi Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin yaradılması olub. ARICA-nın yaradılması arxeoloji tədqiqatlar sahəsində türk xalqları arasında əməkdaşlığın gücləndirilməsində mühüm mərhələdir. ARICA-nın məqsədi əməkdaşlığı təşviq etmək, birgə tədqiqatlar, ekspedisiyalar həyata keçirmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə