Antiterror tədbirləri suveren dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Çoxəsrlik tarixi boyunca neçə-neçə sınaqlardan keçmiş, ta qədim zamanlardan insanlarının döyüşkənliyi, mərdliyi, qorxmazlığı, təbii-coğrafi şəraitinin zənginliyi, sanballı maddi və mənəvi irsi ilə tanınmış Azərbaycan ən müasir tarixinin son 30 ilini yenə ağır və çətin bir imtahan olan Qarabağ probleminin həlli ilə bağlı mübarizədə ölkəmizin suverenliyinin bərpa olunmasına həsr etmişdi. Bu mübarizənin zirvəsi isə heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədir.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, mədəniyyət beşiyi olan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı, bir çox kəndlərini, həmçinin Tərtər rayonunun Suqovuşan qəsəbəsini, Xocalı və Laçın rayonunun bir neçə kəndləri də daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ağdam, Laçın və Kəlbəcər rayonlarını isə bir güllə belə atmadan öz sahiblərinə geri qaytardı. Bu böyük Zəfər Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.

Ağır məğlubiyyətə uğrayan düşmən Kapituliyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri erməni silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazilərindən çıxarılması idi.

Ermənistan tərəfi tarix boyunca olduğu kimi, yenidən öz sözünün üstündə durmadı və təxribatlarına davam etdi. Belə ki, 2021-ci ildə Laçın sərhəd- buraxılış məntəqəsi qurulanadək Ermənistanda istehsal olunmuş minalar Azərbaycanın Qarabağ bölgəsinə gətirilmiş və kütləvi şəkildə müxtəlif yerlərdə bastırılmışdır.

Postmüharibə dövründə başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimləri beynəlxalq platformalarda ermənilərin ərazilərimizdə mina terroruna və digər təxribatlarına lazımi hüquqi qiymət verilməsini dəfələrlə tələb etsələr də, beynəlxalq ictimaiyyət bu məsələlərdə, xüsusilə minaların basdırılması və mina xəritələrinin təqdim edilməməsi ilə bağlı Ermənistana kifayət qədər təzyiq göstərməmişdir. Bütün bu tələblərə baxmayaraq, erməni silahlı qüvvələrinin gərginliyin artmasına yönələn və təxribat xarakteri daşıyan əməlləri daha da artmış, ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etmişdir.

Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi.

Daha sonra, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni şəkildə Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.

Azərbaycan dövləti hər zaman bölgədə sülh və sabitliyin təmin olunmasına çalışmış və üçtərəfli bəyanatın şərtlərinə sadiq qalmışdır. O zaman müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazisindəki “Qızılbulaq” və “Dəmirli” yataqlarının qeyri-qanuni istismarı Ermənistanın Üçtərəfli Bəyanata zidd olan növbəti addımı olmuşdur. Belə ki, heç bir ekoloji normaya əməl edilmədən təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuş, nəticədə Şuşa-Laçın yolunda ekologiya fəallarının dinc xarakterli aksiyası keçirilmişdir. Azərbaycanın ekoloji normativlərə uyğun olaraq apardığı mübarizə bu fəaliyyətlərin dayandırılmasına yönəldilmişdir.

Ermənistan tərəfi bununla da kifayətlənmir, öz qeyri-etik davranışlarını davam etdirirdilər. 2023-cü ilin aprel ayında Laçın yolunda baş verən təxribatlar Azərbaycan və Ermənistan arasında yeni gərginliyə səbəb oldu. Belə olan halda Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı.

Sentyabr ayının 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki vətəndaşlarımızın həlak olması, elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın şəhid olması Azərbaycan Respublikasını öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün lokal xarakterli antiterror əməliyyatlarına başlamağa vadar etdi.

Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu.

Xüsusi vurğulamaq lazımdır ki, əməliyyat zamanı şanlı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etmişdir. Mülki əhali hərbi obyektlərdən kənar durmağa çağırılmış, bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.

Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir.

Bu tarixi Zəfər Azərbaycan nümayəndələri ilə görüşdən dəfələrlə imtina edən Qarabağın erməni icmasını Yevlax şəhərində danışıqlar aparmağa vadar etdi. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilimişdi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.

Seperatçı rejimin rəhbəri Samvel Şahramanyan sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Qeyri-qanuni erməni ordusu Qarabağ ərazisindən tərkisilah edildi və Azərbaycan öz dövlət suverenliyini tam və qəti şəkildə bərpa etdi. Bu əməliyyatlar nəticəsində Xankəndi, Xocalı, Ağdərə və digər strateji şəhərlər üzərində tam nəzarət təmin edildi, üçrəngli dövlət bayrağımız azad edilmiş bütün ərazilərimizdə dalğalandırıldı.

Artıq ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olunmasından bir il ötür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun həyata keçirdiyi bu antiterror əməliyyatı suveren dövlətimizin qüdrətini və lazım gəldikdə hər zaman ədaləti bərpa etmək qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə