"Ermənistan bu proseslərdə pozucu mövqedədir" - ŞƏRH EDİLDİ

"44 günlük Vətən savaşından sonra 10 noyabr sazişi imzalandı. 10 noyabr sazişi ilə atəşkəs oldu. Bu sazişi imzalayan üç dövlət başçısı qarşılıqlı öhdəlik götürmüşdü ki, Ermənistan-Azərbaycan arasında münaqişə sülh yolu ilə həll olunacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Ermənistan öz üzərinə öhdəlik götürmüşdü ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisini tərk edəcəklər: "Təəssüflər olsun ki, Ermənistan üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədi. 10 noyabr sazişinin heç bir müddəasını Ermənistan könüllü icra etmədi. 44 günlük Vətən savaşından sonra saziş imzalansa belə, Ermənistan öz təxribat əməllərindən əl çəkmədi. Azərbaycan ərazisində minalar basdırıldı. Mina terrorundan yüzlərlə insan əziyyət çəkdi. Ermənistan yenə də bu cür təxribatlarından əl çəkmir. Ermənistan ərazisindən Azərbaycana müntəzəm şəkildə silah-sursat daşınırdı. Bu cür proseslərə Azərbaycan tərəfi göz yuma bilməzdi. Nəhayət, Ermənistan Azərbaycan ərazisində növbəti mina terrorundan istifadə edərək təxribat törətdikdən sonra Azərbaycan məcbur oldu ki, antiterror əməliyyatı həyata keçirsin. Antiterror əməliyyatının sonunda Azərbaycan de-fakto öz suverenliyini bərpa etdi, seperatçılar ərazilərimizdən çıxarıldı. Eyni zamanda silahlı qüvvələr tam tərksilah olundu. Azərbaycan bu antiterror əməliyyatından sonra yenə də ermənilərə müraciət etdi ki, kim Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına tabe olacaqsa, Azərbaycanda yaşayacaq. Kim tabe olmayacaqsa, gedəcək. Xankəndi və Xankəndi ətrafında yaşayan ermənilər Azərbaycanın bu çağırışına məhəl qoymadı, vətəndaşlığı qəbul etmədilər. Bu baxımdan Azərbaycanı könüllü olaraq tərk etdilər. Bu proseslərin də içində Rusiyanın sülhməramlı qüvvələri iştirak edirdilər. Azərbaycanın hər bir addımı sülhməramlı qüvvələrin nəzarəti altında idi. Xankəndidə yaşayan ermənilərin də Azərbaycanı tərk edib Ermənistana getməsi prosesi sülhməramlı qüvvələrin himayəsi altında oldu".

"Ümumilikdə antiterror əməliyyatından sonra Azərbaycanda, Cənubi Qafqazda yeni situasiya yarandı. Bu, bir daha proseslərin Azərbaycanın nəzarəti altında olduğunun bariz göstəricisi idi. Cənubi Qafqazda ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycan bütün proseslərə nəzarət edir. Cənubi Qafqazdakı geosiyasi proseslərin tənzimlənməsində Azərbaycanın özünəməxsus çəkisi var.

Antiterror əməliyyatı ilə Azərbaycanın tam suverenliyini bərpa etdikdən sonra geosiyasi proseslərə birbaşa təsir edəcək dövlətə çevrildi. Beynəlxalq aləmdə nüfuzu bir daha yüksək səviyyədə tanındı. Bu proseslər də davam etməkdədir. Faktiki olaraq Ermənistan 10 noyabr sazişinin 9-cu müddəasını icra etmir. Yəni nəqliyyat infrastrukturunun açılmasını həyata keçirmir. Yenə də Ermənistan bu proseslərdə pozucu mövqedədir. Hesab edirəm ki, Ermənistan 10 noyabr sazişinin 9-cu müddəasını icra etməlidir ki, Cənubi Qafqazda nəqliyyat infrastrukturu açılsın və həm Ermənistan, həm də Azərbaycan bu proseslərdən fayda götürsün" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə