"Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.
Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: "Yetər artıq! Biz bunu tələb edirik".
Bəli, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan torpaqlarının 30 illik işğalına son qoymuş, öz suveren ərazi bütövlüyünü bərpa etmiş, dünya dövlətləri arasında böyük nüfuza sahiblənmiş, dinamik inkişaf edən və ən mötəbər beynəlxalq təşkilatlarda öz sözünü deyə bilən bir ölkəyə çevrilmişdir. Dörd il bundan Ali Baş Komandanın "Dəmir yumruq" siyasətinə Şanlı Ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə Vətən müharibəsində əldə etdiyimiz Qələb Zəfəri Azərbaycan dövlətçiliyinin tarixinə ən şərəfli səhifələr kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruq" siyasətini yüksək əhvali-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. Cəmi 44 gündə 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək yüksək peşəkarlıq, döyüş ruhu, təcrübəsi tələb edirdi ki, Azərbaycan Ordusu bunu dünyaya təqdim etdi və dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində tarixi Zəfərimizə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 4 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir.
Göründüyü kimi, növbəti qələbə isə, ötən il sentyabrın 19-da antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək separatçıları təslim olmağa məcbur etdi. Və ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun gücünün hər şeyə qadir olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısının qətiyyətlə alındığını və alınacağının sübutu idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan artıq bütün ərazisinə nəzarət edəcək. "Boz zona" aradan qaldırılır. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı oldu.Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 20 sentyabr tarixində növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırdı. Və bir daha bütün dünyaya sübut etdi ki, bir gündə – 24 saat ərzində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.
Qalib Liderimiz, Prezident İlham Əliyev müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlətimizin başçısı deyib: "Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".
Dövlət başçımız Prezident İlham Əliyev xalqa müraciətində bir daha özlüyündə yaranan "Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi" sualına cavab olaraq bildirdi ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır: "Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyirdisə, indi "Qarabağ Azərbaycandır" deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu "Dəmir yumruq" hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!".
Dövlət başçımız sözügedən müraciətdə onu da bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk: "Hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".
Bir sözlə, dövlət başçımızın müraciətində sölədiyi kimi: "O gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə