“Anti-terror tədbirləri Azərbaycan ordusunun həyata keçirdiyi unikal tədbirlərdən biridir” - ŞƏRH OLUNDU

“Ermənistan tərəfinin 2020-ci ildə imzalanan üçtərəfli birgə bəyanatın şərtlərinə əməl etməməsi, xüsusilə də Azərbaycan ərazilərindən öz silahlı birləşmələrini çıxarmaq əvəzinə ərazilərimizə əlavə canlı qüvvə, texnila, silah-sursat və minalar daşıması Azərbaycan tərəfinin dəfələrlə haqlı narazılıqlarına səbəb olmuşdur. Bu barədə müxtəlif qurumları, hətta dövlət başçımız da dəfələrlə Ermənistanı xəbərdar etmişdilər. Lakin Ermənistan nəinki bu bəyanatları diqqətə almamış, əksinə Azərbaycan ərazilərini silah-sursat, mina və Ermənistan ordusunun fərdləri ilə zənginləşdirməkdə davam etmişdir. Bunların nəticəsi olaraq Azərbaycan tərəfi Laçın sərhəd-keçid məntəqəsini qurduqdan qısa bir müddət sonra anti-terror tədbirlərini həyata keçirmək qərarına gəldi. Buna səbəb isə Azərbaycanın 9 mülki vətəndaş və hərbçisinin Ermənistan tərəfindən basdırılmış yeni minalardan həyatını itirməsi və xəsarət alması oldu. Nəticə etibarilə anti-terror tədbirləri Azərbaycan ordusunun zəfər tarixinin şanlı səhifələrindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bir gün davam edən anti-terror tədbirləri nəticəsində düşmən 1000-ə yaxın canlı qüvvəsini, 65 zirehli, zirehsiz vasitələrini, havadan müdafiə sistemlərini, artilleriya qurğularını itirdi: “Ordumuz böyük bir ərazini bir gündən az bir müddət ərzində düşməndən azad etdi. Ərazidə mövcud olan 15 mindən çox erməni silahlı qüvvələrini tərki-silah edərək Azərbaycan ərazilərindən çıxardı. Milyardlarla dollar texnika, silah-sursatlarını itirən separatçı rejim rəhbərliyi Ermənistan baş nazirinin razılığı ilə ikinci dəfə kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Anti-terror tədbirləri Azərbaycan ordusunun həyata keçirdiyi unikal tədbirlərdən biridir. İndiyə qədər dünyanın heç bir ölkəsində bu cür qısa müddət ərzində döyüş tədbirləri həyata keçirilməyib. Buna görə də Azərbaycan ordusunun anti-terror tədbirləri separatizmdən əziyyət çəkən digər ölkələr üçün də bir nümunədir. Məhz anti-terror tədbirləri nəticəsində Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə