“Türkiyə-Azərbaycan əməkdaşlığının dünyada başqa bir örnəyi yoxdur“ - SABİQ SƏFİR DANIŞDI

“Türkiyə-Azərbaycan əməkdaşlığının dünyada başqa bir örnəyi yoxdur“ - SABİQ SƏFİR DANIŞDI

“Türkiyə-Azərbaycan əməkdaşlığının dünyada başqa bir örnəyi yoxdur. Bunu izah edə bilmək üçün biraz keçmişə getmək lazımdır. Keçmişi bilmədən bu gün haqqında danışmaq mümkün deyil. Belə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından başlayaraq Türkiyə hər zaman qardaş ölkə Azərbaycanın yanında olub. 1920-1923-cü illərdə Atatürkün başçılıq etdiyi Qurtuluş savaşı ərəfəsində də Azərbaycan Atatürkə köməkliyini göstərib. Qurtuluş savaşının qazanılmasında Azərbaycanın Türkiyəyə böyük dəstəyi olub. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşduqda Azərbaycanı ilk tanıyan dövlət də məhz Türkiyə olub”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsindən sonra 1993-cü ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsmiş və sərhədləri bağlamışdır: “Bu gün artıq 31 il ötməsinə baxmayaraq sərhəd hələ də bağlıdır və diplomatik əlaqələr də bərpa edilməyib.

Azərbaycan 10 noyabr 2020-ci il tarixinədək Ermənistanla savaş vəziyyətində idi. Buna baxmayaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi böyük layihələrini Türkiyədə həyata keçirmişdir. Bu layihələr sayəsində milyonlarla türk üçün iş yerləri açılmış, onlar işlə təmin olunmuşdur.

44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana diplomatik və siyasi dəstək göstərib. Hər kəsə məlumdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tarixi zəfər qazandı. Bu zəfər Azərbaycan lideri, ordusu və xalqına aiddir. Hazırda Qarabağın yenidənqurulması və bərpası işləri aparılır və türk şirkətləri bu işlərə xüsusi diqqət və maraq göstərir. Belə ki, türk şirkətləri Qarabağda bir çox yolun çəkilməsini öz öhdəliyinə götürmüşdür. 15 iyun 2021-ci ildə Şuşa şəhərində Şuşa Bəyannaməsi imzalanmışdır, bu Türkiyə və Azərbaycanın müttəfiqlik sənədidir. Bu sənəd çox önəmlidir və burada bir çox məqamlar öz əksini tapıb. Sənəddə ən önəmli məqam tərəflərdən birinə hücum olduğu təqdirdə digər tərəfin birbaşa dəstək göstərməsidir.

Türkiyədə meydana gələn əsrin zəlzələsi zamanı ən böyük yardımı da məhz Azərbaycan göstərmişdir. Meşə yanğınlarında da Azərbaycan öz dəstəyini əsirgəmir. Bütün bunlar bir daha “bir millət, iki dövlət” ifadəsini təsdiq edir. Həmçinin Türk Dövlətləri Təşkilatının böyüməsi, daha da inkişaf etməsində də Türkiyə və Azərbaycan böyük əzmlə çalışır. İki ölkə arasındakı əlaqələr durmadan inkişaf edir. Qarşıdakı zaman ərzində Ermənistanla sülh müqaviləsinin imzalanması böyük əhəmiyyət kəsb edir. Sülh müqaviləsi imzalandıqdan sonra artıq Türkiyə də Ermənistanla münasibətlərini qaydaya salacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə