Azərbaycan-Rusiya: Strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək əzmindədir"
"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir".Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə görüşdə söyləyib.Dövlətimizin başçısı bildirib: "Bu gün artıq Sizinlə fikir mübadiləsi apardıq və ölkələrimiz arasında münasibətlərin - dostlar, qonşular və müttəfiqlər arasında münasibətlərin necə inkişaf etməsindən məmnunluq ifadə etdik. Bütün sahələrdə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Yəni, həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və bizim qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Əminəm ki, Sizin səfəriniz ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq".
Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Prezident İlham Əliyevin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri Azərbaycan-Rusiya münasibətləri üçün tam yeni mərhələ deməkdir. Dövlət başçımızın ifadə etdiyi kimi, bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq.
QƏBUL EDİLƏN SƏNƏDLƏR MÜNASİBƏTLƏRİMİZİN DOSTLUQ VƏ MÜTTƏFİQLİK XARAKTERİNİ BİR DAHA TƏSDİQLƏYİR
"Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir".
Bunu avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib."Əziz qonaqlarımızı bir daha səmimi-qəlbdən salamlayıram. Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir", - Prezident İlham Əliyev deyib.
Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində də müxtəlif istiqamətləri əhatə edən sənədlər imzalandı. Bu sənədlər münasibətlərimizin gələcək inkişafında hüquqi bazadır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə qəbul etdikləri dövlət başçılarının Birgə Bəyanatı da münasibətlərimizin dünəninə və gələcəyinə işıq saldı. Ümumilikdə hər bir səfər əlaqələrin yeni prioritetlər üzrə inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Səfər çərçivəsində günümüzün reallıqları fonunda belə bir əminlik də ifadə edildi ki, Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. "Bütün Cənubi Qafqaz regionunda sаbitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır" söyləyən cənab İlham Əliyev bildirdi ki, məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə etdi. Vladimir Putin aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Rusiya Prezidenti paytaxt Bakı ilə bağlı təəssüratlarını belə bölüşdü: "Bakıda olmağıma, şəhərə bir daha tamaşa etməyimə şadam. Şəhər inkişaf edir, uğurla inkişaf edir, deyərdim ki, bir növ regionun oazisinə çevrilir."
Beləliklə, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ DÖVLƏT BAŞÇILARININ SİYASİ İRADƏSİNƏ UYĞUN OLARAQ SÜRƏTLƏ İNKİŞAF ETDİRİLİR
Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.
Görüş zamanı liderlərin səmimi fikirləri də münasibətlərin yüksək səviyyəsini əks etdirir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iki ölkə arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur. 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyətlə bağlı Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər mövcuddur. İki ölkə həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edir, humanitar əlaqələrə, həmçinin bir çox digər sahəyə xüsusi diqqət yetirilir.
Vladimir Putin həmçinin Rusiyanın Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazır olduğunu bildirdi: "Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq".
Bir sözlə, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə münasibətlərin daha da inkişafına müsbət impuls vermiş oldu.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB