AXCP NTK-nın sədri Aydın Əliyev avqustun 26-da Əli Kərimlinin məhkəmə qərarı ilə həbs olunacağına ümid edir
Səhv, yanlış addımların və ya əməllərin ağır nəticəsi olmalıdır. Əks halda insanlar küsgün, cəmiyyət ədalətsiz olar. Görünən ondan ibarətdir ki, bəzi məxluqlar tərəfindən nə qədər haqsızlıqlara yol verilsə də, nəhayət, haqq-ədalət öz yerini tapır. Fikir verin, uzun illərdir ki, AXCP sədri Əli Kərimli milli və dövlətçilik maraqlarına zidd addımlar atır, açıqlamalar verir, sosial şəbəkələrdə paylaşımlar edir, lakin nə özü əməllərini dayandırır, nə də onu kimsə durdurur. Düzdür, dəfələrlə rəhbərlik etdiyi partiyasında etirazlar olub, hətta kütləvi istefalar, qopmalar da baş verib. Ancaq ciddi hərəkətlik qeydə alınmayıb. Yəni partiya daxilində istefasını tələb edənlər ehtiyatlı davranış nümayiş etdiriblər. Bu da təbii ki, onların Ə.Kərimlinin qəzəbinə tuş gəlib, partiyadan xaric oluna biləcəkləri qorxusundan irəli gəlir. Ancaq AXCP Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyevin Nəsimi rayon məhkəməsində Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırması onu deməyə əsas verir ki, artıq bəzi cəbhəçilər qorxunu və zəifliyi adlamağa başlayırlar. Söz yox ki, A.Əliyev tək deyil, ona partiyanın əksər üzvləri dəstək verirlər. Sadəcə, kənarda dayanıb sosial şəbəkələr üzərindən sözlərini deyən, istəklərini ifadə edən A.Əliyevə yardımçı olurlar. Məhz bundan təşvişə düşən Əli Kərimli səfirliklərə üz tutaraq onlardan kömək istəyir. Hətta hüquqi müstəvidə atılan addımları siyasiləşdirməyə çalışır. Amma başa düşmür ki, Azərbaycan hüquqi dövlətdir və hər bir məsələ qanunlarla tənzimlənir. Qanunlar isə heç də Ə.Kərimlinin xeyrinə deyil. Çünki AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin Ə.Kərimliyə qarşı qaldırdığı iddia kifayət qədər əsaslıdır və haqlıdır. "Səs" qəzetinə açılamasında AXCP Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev bildirdi ki, avqustun 26-da Nəsimi rayon məhkəməsində qaldırdığı iddia əsasında məhkəmə baxışı keçiriləcək. O, ümid etdiyini bildirdi ki, məhkəmə onun iddiasına baxaraq ədalətli qərar çıxaracaq.
Aydın Əliyev: "AXCP-də açıq fikir söyləyənlər, demokratik idarəetmə tələb edənlər sərt şəkildə cəzalanırlar"
A.Əliyev məhkəməyə təqdim etdiyi ilkin iddiada Ə. Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə cəzalandırılmasını tələb edirdi, avqustun 19-da keçirilən hazırlıq iclasında isə məhkəməyə daha bir şikayətini əlavə edib. Bu barədə Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahov məlumat verərək bildirib ki, Aydın Əliyev Ə.Kərimli haqqında məhkəməyə həm də Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsini əlavə edib. "Səs"-ə açıqlamasında A.Əliyev Əli Kərimli haqqında məhkəməyə təqdim etdiyi əlavə şikayətini onunla əlaqələndirdi ki, Ə.Kərimli Sevinc Osmanqızının, Q.Zahidovun və digər xaricdəki azərbaycanlı mühacirlərin yaratdıqları internet TV-lərdə onun şərəf və ləyaqətini təhqir edib: "Əli Kərimli sözdə demokratiyadan. Söz azadlığından danışır, əməldə isə partiya daxilində sərt diktatura rejimi yaradıb. Açıq fikir söyləyənlər, demokratik idarəetmə tələb edənlər sərt şəkildə cəzalanırlar". A.Əliyev Ə.Kərimli ilə aralarında yaranan problemin əsas səbəbini 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra isə sədr seçilməsi olub: "Partiyadaşlarının ona yüksək etimad göstərməsi, Ə.Kərimlinin ürəyincə olmayıb. Bütün imkanları ilə onun partiya nizamnaməsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə imkan verməyib. Nəhayət, AXCP Ali Məclisinin Rəyasət Heyətinə təzyiqlər etməklə 10 iyun 2019-cu il də onu partiya sıralarından xaric edib".
"Qurultayda Ə.Kərimlinin göstərişi əsasında məni fitə basdılar, təhqir etdilər"
Aydın Əliyev bildirdi ki, AXCP Ali Məclisinin Rəyasət Heyətinin qərarı ilə razılaşmayaraq yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi rayon Məhkəməsində iddia qaldırıb: "Məhkəmə 2020-ci ilin iyun ayında iddiamı təmin etdi. Əli Kərimli həmin qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi. Əli Kərimli məhkəmə qərarından sonra mənimlə görüşdü və söz verdi ki, NTK sədri kimi normal fəaliyyət göstərməsi üçün ona hər cür şərait yaradılacaq. Hətta mənimlə görüş əsnasında partiyanın təşkilat şöbəsinə də zəng edib, göstərişlər verdi. Lakin sonradan sözünün üstündə durmadı. NTK-nın üzvləri çağırılan toplantılara gəlmədilər. Bu məsələdə Ə.Kərimlinin göstərişi olduğu şübhəsizdir. Bu azmış kimi partiyanın növbəti qurultayı keçirilən zaman kobud nizamnamə pozuntularına yol verildi. Mən buna etiraz etdikdə Ə.Kərimlinin göstərişi əsasında məni fitə basdılar, təhqir etdilər. Mən isə səbirli oldum və qurultayın nəticələrinin ləğv edilməsi və növbəti qurultayın keçirilməsi barədə məhkəmədə iddia qaldırdım. Təşəkkür edirəm ki, məhkəmə mənim iddiamı təmin etdi".
Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericiliyə görə bütün hallarda A.Əliyev haqlıdır. Ə.Kərimli özü də dərk edir ki, A.Əliyev tərəzinin ağır tərəfidir. Sadəcə, özünəvurğunluq və partiya daxilində yaratdığı diktatura idarəetməsi ona A.Əliyevin tələblərini qəbul etməyə imkan vermir. Əksinə, hay-küy qaldırmaqla özünü əzilən, "təzyiqlərə məruz qalan şəxs" olaraq göstərməyə çalışır. Yaradılan bu şou ilə Ə.Kərimli diqqət mərkəzinə çevrilməyə və sonrakı mərhələdə daha çox qrant almağa ümid edir. Bu isə siyasətçi adına iddia edən şəxs üçün utancverici hərəkətdir. Belə yolla uzağa getmək təbii ki, mümkün deyil. Necə ki, Ə.Kərimli öz yanlış, səhv əməllərinin bədəlini ödəməkdədir. Yəqin ki, avqustun 26-da keçiriləcək məhkəmə prosesində A.Əliyev bir daha haqlı olacaq və Ə. Kərimliyə və Ə.Kərimli kimi düşünən, pozucu əməllər törədənlər üçün dərs ola biləcək məhkəmə qərarı çıxarılacaq.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB