Heç kimə sirr deyil ki, Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirib. Cənab İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Ulu Öndərin açdığı cığırdan heç bir zaman sapılmadı və ölkədə idman siyasəti yeni mərhələyə keçid etdi. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişindən qısa müddət sonra “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” dövlət proqramı qəbul edildi.
Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədlərini güdür.
Bunun bariz nümunəsi olaraq cari il Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycan tarixi uğura imza atmışdır. Belə ki, idmançılarımz ümumilikdə 7 olmaqla, 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq, dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. 14 avqust tarixində dövlət başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmiş və bu qəbul zamanı çıxış etmişdir. Cənab Prezident çıxışı zamanı ilk növbədə idmançılarımızı təbrik edərək qazandıqları böyük uğurlara görə onlara təşəkkür etmişdir. Qəbulda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokratik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir.
Bütün bunlar bir daha onu göstərir ki, idman sadəcə, əyləncə, maraq deyil, hər bir ölkənin dünyada tanıdılması üçün mühüm amillərdən biridir. Beynəlxalq səviyyəli idman yarışının məhz I pilləsində yer alan idmançı öz ölkəsinin himnini səsləndirməyə, bayrağını dalğalandırmağa qadirdir. Bu mənada biz də müxtəlif vaxtlarda həmin missiyanı yerinə yetirən idmançılarımızla qürur duyuruq. İnanırıq ki, dövlətimizin idmanın kütləviliyinə, inkişafına göstərdiyi dəstək dünyaşöhrətli idmançılarımızın sırasının artmasına stimul verəcək, yeni-yeni idmançılar öz adlarını tarixə yazdıracaqlar. Bu isə öz növbəsində Azərbaycanın dünyada daha yaxşı tanıdılmasına və təbliğinə töhfəsini verəcəkdir.
Elşən SƏFƏROV,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB