Son illər Azərbaycan və Ermənistan arasında sülh prosesi mühüm sürət qazanıb. İki ölkə arasında uzunmüddətli düşmənçilik və münaqişələrdən sonra sülh sazişinə və Cənubi Qafqazda sabitliyə nail olmaq fürsətinin yaxınlaşdığı məlumdur. Lakin bu prosesin mürəkkəbliyi və regional dinamika sülhün daimi olub-olmamasında həlledici rol oynayır. Azərbaycan və Ermənistan arasında sülh danışıqları keçən il, təxminən otuz illik konflikt dönəmindən sonra yeni dövrə qədəm qoydu. 2023-cü ilin dekabrında hər iki ölkə danışıqların ən effektiv və perspektivli yolunun birbaşa ikitərəfli danışıqlar olduğuna qərar verdi ki, bu da prosesin sürətlənməsinə və dərinləşməsinə səbəb oldu. Bu qərar qarşılıqlı etimadın yaradılmasında və digər mühüm addımların atılmasında dönüş nöqtəsi oldu.
Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq və Ermənistanın Azərbaycanla olan qərəzli iddialarını qəti şəkildə həll etmək üçün bütün səylərini davam etdirəcəklərini bəyan edir. Beləliklə, müharibədən qalib çıxan ölkəmiz ümid edir ki, mövcud çətinliklər tezliklə aradan qaldırılacaq və davamlı, təhlükəsiz sülh əldə olunacaq.
Erməni tərəfi isə bildirir ki, sülh sazişinin imzalanmasına əhəmiyyətli maneə ərazi iddialarının öz həllini tapmamasıdır. Ermənistan rəsmiləri vurğulayırlar ki, bu iddiaların həlli və dolayısıyla vahid fikrə gəlmiş erməni tərəfi olmazsa, razılaşmanın qarşısındakı son maneəni aradan qaldırmaq mümkün olmayacaq. Ümumilikdə isə onlar da bilirlər ki, sülh prosesi regionlar birlikdə, Ermənistanın da inkişafına töhfə verəcək. Görünən odur ki, onlar kiçik narazılıqları qabardaraq ümumi həll prosesini ləngidib, müəyyən güzəştlər əldə etməyə çalışırlar. Lakin bu məqamda hələ də dəqiq bir həll yolu tapılmayıb və tərəflər arasında danışıqlar davam edir. Sülh prosesi Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlarla məhdudlaşmır. O, həm də regional güclərin təsiri altında öz gedişatını formalaşdırır. Bu kontekstdə Rusiya, Türkiyə və İran kimi ölkələrin rolları həlledicidir. Rusiya tarixən bu regionda güclü təsiri olan bir aktor kimi seçilir. Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla tarixi əlaqələri və hərbi əməkdaşlığı sülh prosesində mühüm rol oynayır. Rusiyanın bu prosesdə rolu həm vasitəçi, həm də regional tarazlığın qorunmasına yönəlmiş strategiya kimi qiymətləndirilir. Lakin Rusiyanın bu prosesə təsiri bəzən arzuolunmaz ola bilir. Çünki o, regionda təsirini saxlamaq və öz strateji maraqlarını qorumaq üçün bəzən neytrallığa uyğun gəlməyən addımlar ata bilər.
Türkiyə isə Azərbaycanın yaxın müttəfiqi kimi sülh prosesində mühüm rol oynayır. Türkiyənin sülh prosesinə verdiyi töhfələr arasına ümumilikdə Azərbaycana siyasi və hərbi həmçinin regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər daxildir. Beləliklə, Türkiyənin bu prosesin bir hissəsi olması Azərbaycanın strateji və diplomatik məqsədlərinə çatmasına daima yararlıdır. Regionun üçüncü mühüm aktoru kimi İran, Azərbaycan və Ermənistan arasında sülh prosesində diqqətlə izləyən başqa bir tərəfdir. İran ümumilikdə regional sabitliyi qoruyub saxlamaq və münaqişələrin qarşısını almaq məqsədi daşıyan bir ölkə kimi görünür. Lakin potensial sülhün İran üçün mənfilərini hesablasaq onun bu prosesdə heç də maraqlı olmadığını görərik.
Azərbaycan və Ermənistan arasında sülh prosesi regionda tarixi gərginliyə son qoymaq və davamlı sülhə nail olmaq üçün böyük imkan yaradır. Lakin bu prosesin uğurlu nəticəyə çatması təkcə iki ölkə arasında aparılan danışıqlardan deyil, beynəlxalq ictimaiyyətin dəstəyindən, həm də regional güclərin xoşməramlı və tərəfsiz mövqeyindən asılıdır. Bu kontekstdə sülh prosesinin gələcəyini həm birbaşa danışıqlar, həm də regional dinamika müəyyən edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB