"Seçkinin nəticəsindən asılı olmayaraq Qərbdən qərəzli bəyanatlar səslənəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycanın 44 günlük Vətən savaşından sonra apardığı siyasət dünya güclərinin siyasi laylarını tərpətdi. Bu baxımdan Azərbaycan xəritədə balaca olsa da, xarici siyasəti ilə beynəlxalq aləmdə siyasəti dünyada gedən ictimai-siyasi proseslərə bilavasitə təsir etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Cənubi Qafqazda böyük güclərin savaşı gedir: "Yəni ABŞ, Qərb, Rusiya arasında siyasi-iqtisadi, hərbi savaş gedir. Bu hərbi savaşın birinci episentri Ukrayna, ikinci episentri Cənubi Qafqazdır. Cənubi Qafqaz böyük güclərin diqqət mərkəzindədir. Bu həm iqtisadi baxımdan, həm də siyasi baxımdan belədir.
Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Azərbaycanla razılaşdırılmadan böyük proyektlər həyata keçə bilməz. Bu baxımdan böyük güclər Azərbaycanın Vətən savaşından sonra, xüsusilə də Qərb Azərbaycana qarşı qərəzli kompaniya aparmaqdadır. Başda Birləşmiş Ştatlar, Fransa olmaqla açıq şəkildə Azərbaycana siyasi və iqtisadi baxımdan təzyiq etməkdədirlər. Hətta Fransanın rəsmiləri açıq şəkildə Azərbaycanı sanksiyada hədələyirlər. Bu baxımdan hətta Amerikada insan haqları ilə əlaqədar din azadlığının olmaması ilə əlaqədar çağırışlar və bəyanatlar da səslənməkdədir. Azərbaycan dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Qarşıdan gələn parlament seçkiləri isə bu marağı özündə əks etdirəcək. Çünki Azərbaycan demokratik dövlət imici qazanmalıdır ki, xaricdən Azərbaycana qarşı hər hansı qərəzli kompaniya, təbliğatlar aparılmasın. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda keçiriləcək seçki demokratik və şəffaf olacaq. Xalqın iradəsi ilə formalaşan bir parlament olacaqdır".
"Eyni zamanda qarşıdan COP29 gəlir. Əgər bu seçkidə hər hansı bir qərəzli davranış olarsa, bu zaman COP29-un fəaliyyətinə də kölgə sala bilər. Hesab edirəm ki, Azərbaycan bu seçkini demokratik və şəffaf keçirəcək. Xarici güclərin əlinə bəhanə verməyəcək. Buna baxmayaraq Qərbdən hansısa bir ədalətli davranış gözləməyimiz sadəlövhlük olardı. İdeal seçki keçirsək belə, Qərbin qərəzli davranışı həmişə olub, yenə də olacaq. İctimaiyyət, siyasi araşdırmaçı olaraq bu prosesi kökündən izləyirik. Seçkinin nəticəsindən asılı olmayaraq Qərbdən qərəzli bəyanatlar səslənəcək. Dövlətimiz də buna hazır olmalıdır. Bütün bunlara baxmayaraq seçkini beynəlxalq müşahidəçilərin müşahidəsi altında açıq demokratik, şəffaf şəkildə keçirməliyik ki, belə qərəzli qüvvələrin əlinə bəhanə verməyək. Bu baxımdan növbədənkənar keçirilən seçkidir və beynəlxalq aləmdə diqqət mərkəzində olan seçkidir. Bu seçkini demokratik keçirməklə Prezident İlham Əliyevin bir daha nüfuzunu və siyasi dəsti-xəttini dəstəkləyəcək parlament formalaşacaq. Qərbdən gələn təzyiqlərə Azərbaycan xalqı hazır olmalıdır, oradan gələn hər hansı qərəzli bəyanatlar olacaqsa, ona da adekvat cavablar veriləcək" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB