Türkiyə və Macarıstan NATO-dan çıxarılmaqla hədələnir

Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Geert Vilders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk qoşunlarının İsrail ərazisinə daxil olması ilə bağlı açıqlamalarından sonra onu “islamofaşist” adlandırıb. O, Türkiyənin NATO-dan çıxarılmasını tələb edib. “İslamofaşist Ərdoğan İsraili işğal etməklə hədələyir. Türkiyə NATO-dan çıxarılmalıdır”, – deyə siyasətçi X sosial şəbəkə hesabında yazıb.

Bir gün əvvəl, iyulun 28-də Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Liviya və Dağlıq Qarabağa girdiyi kimi” İsrailə də girə biləcəyini söyləyib. Onun sözlərinə görə, Türkiyənin “bunu etməməsi” üçün “heç bir səbəb” yoxdur. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidentini İraqın keçmiş prezidenti Səddam Hüseynlə müqayisə edərək, onun “izi ilə getdiyini” deyib.

İyulun 27-də İsrailin nəzarətində olan Qolan təpələrinin bir hissəsi Livan ərazisindən kütləvi atəşə məruz qalıb. İsrail ordusunun məlumatına görə, mərmilərdən biri Qolan təpələrində uşaqların olduğu futbol meydançasına düşüb. 10-20 yaş arası 12 nəfər həlak olub, onlarla insan yaralanıb. İsrail, zərbələrin Hizbullah tərəfindən İran raketlərindən istifadə edərək həyata keçirildiyini bildirir. Hərəkat hücumlarda iştirakını rədd edir.

Polşa xarici işlər nazirinin müavini Teofil Bartoşevski isə Macarıstanın baş naziri Viktor Orbanın Qərb ölkələrinin Rusiyaya qarşı hərəkətlərinin irrasional olması barədə bəyanatını şərh edib. Cənab Bartoşevski Rusiya Federasiyası ilə müttəfiqlik naminə Macarıstanın Avropa İttifaqı və NATO-dan çıxmasını təklif etdi.
“Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə bu qədər sevmədiyi və guya ona bu qədər pis münasibət bəsləyən təşkilatların üzvü olaraq qalmaq istəyir. Niyə Viktor Orban Vladimir Putin və bu tipli bəzi avtoritar dövlətlərlə ittifaq yaratmasın?” - Teofil Bartoşevski deyib.

Polşa xarici işlər nazirinin müavininin sözlərinə görə, Macarıstanın siyasəti Avropa İttifaqında qüvvələr balansının dəyişməsinə gətirib çıxarıb və həm də Aİ, Polşa və Ukraynaya qarşı yönəlib. O, həmçinin Budapeştin indi "beynəlxalq ictimaiyyətin kənarında" olduğunu söyləyib.

Viktor Orban iyulun 27-də bildirib ki, Ukraynada münaqişənin başlamasından sonra Rusiyaya qarşı çıxan bir çox ölkələr öz mövqelərindən uzaqlaşırlar. O əlavə edib ki, Qərbin əsas problemi onun parçalanmasıdır və bu ölkələrin hərəkətləri gözlənilməzdir. Onun sözlərinə görə, Rusiya çeviklik və görkəmli iqtisadi canlılıq nümayiş etdirib.

V.SALAH

Bütün xəbərlər Facebook səhifəmizdə