Münasibətlər yeni mərhələyə qədəm qoyub - Məqalə

Qədim zamanlardan Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da möhkəmlənmişdir.

1993-cü ildə Prezidenti seçilən ulu öndər Heydər Əliyev Pakistanla dostluq əlaqələrinin qurulmasına böyük önəm vermişdir. Prezident İlham Əliyev də dost və qardaş Pakistan dövlət ilə iqtisadi, siyasi, hərbi sənaye sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət ayırır. Pakistan dövləti də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük maraq göstərir.

Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına bu dəfəki səfəri ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyini və münasibətlərimizin yeni mərhələyə qədəm qoyacağını söyləyə bilərik. Azərbaycan və Pakistan hər zaman bütün beynəlxalq təşkilatlarda bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləmələrinə dair bəyanatla çıxış edib. Ermənistanın ölkəmizə hərbi təcavüzü ilə bağlı BMT TŞ-da 822 saylı qətnamənin qəbul edilməsində Pakistan dövlətinin xüsusi xidmətləri olmuşdur. Xüsusilə torpaqlarımız 30 il işğal altında olduğu dövrdə, Vətən müharibəsində Pakistanın ölkəmizə siyasi, mənəvi dəstəyini dövlətimiz və xalqımız çox yüksək qiymətləndirmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Pakistan Ermənistanla heç bir diplomatik münasibət qurmamışdır və ümumiyyətlə Ermənistanı müstəqil bir dövlət kimi tanımamışdır.

Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir və BMT TŞ-nın məsələnin həllinə dair qətnamələrin icra olunmasının tərəfdarıdır. 44 günlük müharibədə rəsmi İslamabad, eləcə də Pakistanın kütləvi informasiya vasitələri Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasında böyük işlər görmüşdür. Prezidentimizin Pakistanda ən yüksək səviyyədə qarşılanması Pakistan dövlətinin və xalqının Prezidenti İlham Əliyevə böyük sevgi və ehtiramının nümunəsi idi. Səfər çərçivəsində iki dövlət arasında bütün sahələri əhatə edən bir çox dövlətlərarası sənədlər imzalandı. Pakistanla Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün çox böyük imkanlar var, gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək. Həmçinin investisiya sahəsində də əməkdaşlığın artırılması barədə də razılığa gəlinmişdir.

Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun da misilsiz xidmətləri olmuşdur.

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Bütün xəbərlər Facebook səhifəmizdə