“İran Azərbaycanın dost münasibətini adekvat qiymətləndirməlidir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İran Azərbaycana qonşu ölkədir və orada 30 milyondan artıq soydaşımız yaşayır və iki ölkə arasında dərin tarixi əlaqələr mövcuddur. Müstəqilliyimizi əldə etdiyimiz gündən bəri hər zaman İranla qonşuluq münasibətlərimiz səmimi olub. Təəssüflər olsun ki, İranda ayrı-ayrı hakimiyyətlər dövründə Azərbaycana qarşı fərqli münasibətlər oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, müəyyən hallarda İran Azərbaycana qarşı doğru olmayan siyasət yeritdi: “O cümlədən, İran Azərbaycan kommunikasiyalarının açılmasına sərt münasibət göstərdi, hətta “Zəngəzur dəhlizi İranın qırmızı xəttidir” kimi ciddi bəyanatlar da verdilər. Həmin dövrdə İrandakı səfirliyimizə terror hücumu baş verdi. Bu terror hücumu özü də İran hakimiyyətinin ritorikasından bəhrələnmiş hadisə idi. Amma zaman keçdi, İranda Azərbaycana qarşı münasibətlərdə müəyyən yumuşalmalar artıq hiss olunur. Xüsusilə də yeni prezidentin seçilməsindən sonra yəqin ki, əlaqələrin qonşuluq münasibətləri səviyyəsi dönməsində də ciddi dəyişikliklər görəcəyik. Hər halda biz bunu Azərbaycan tərəfinin diplomatik nəzakəti hesab edə, qiymətləndirə bilərik.
İran tərəfi də bundan sonra Azərbaycanla münasibətlərində həm səmimi olmalı, həm də Azərbaycanın dost münasibətini adekvat qiymətləndirməlidir. İstənilən halda qonşu ölkə ilə diplomatik münasibətlərin yenidən bərpa olunmasını uğurlu hadisə hesab edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə