"Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident, müzəffər Ali Baş Komandan 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad etməklə dünya azərbaycanlılarının qürurunu, milli mənliyini özünə qaytardı". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

O bildirib ki, 30 il torpaq həsrəti çəkən soydaşlarımızın ən böyük arzuları reallaşdı: "Vətən müharibəsindəki şanlı qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda böyük yenidənqurma işlərinə başlanıldı. Yenidənqurma işlərinə şəxsən cənab Prezident özü nəzarət edir. Zəngilanın Ağalı kəndində başlayan "Böyük Qayıdış" planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib. Əhalinin məşğulluq məsələləri tam yerinə yetirilib. Dünya standartlarına cavab verən ən müasir məktəblər, xəstəxanalar inşa edilib və soydaşlarımızın istifadəsinə verilib.

Füzuli və Zəngilanda qısa müddətdə inşa edilən hava limanı bölgə iqtisadiyyatının dirçəldilməsinə töhfə verməklə yanaşı əsrarəngiz təbiəti olan Qarabağın turizm potensialına da böyük dəstək olacaq.

İşğaldan azad edilmiş ərazilərə səfərlər edən xarici qonaqlar, diplomatlar görülən işlərdən heyrətə gəldiklərini vurğulayırlar. Həm Qarabağ, həm də Şərqi Zəngəzur artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dost və qardaş ölkələrin dövlət və hökumət başçıları dəfələrlə işğaldan azad edilmiş şəhərlərimizə səfərlər edirlər. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları təşkilatın Şuşada keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Şuşaya gəlmişdilər.

Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilib. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi biz Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə