"Zirvə toplantısında qarşıdakı hədəflər müəyyənləşdirildi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Zirvə toplantısında qarşıdakı hədəflər müəyyənləşdirildi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi görüşü və yekunda imzalanan Qarabağ bəyannaməsi müasir geosiyasi və təhlükəsizlik çağırışları olduğu bir zamanda türk dövlətlərinin vahid bir büt kimi çıxış etdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, indi elə şərait yaranıb ki, türk dövlətləri rəhbərləri müntəzəm məsləhətləşmələr keçirməlidirlər: "Zirvə toplantısında cənab Prezident İlham Əliyevin çıxışı keçilmiş yolu bilmək və hansı yerdə olduğumuzu və hara gedəcəyimizi müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir. Zirvə toplantısında qarşıdakı hədəflər müəyyənləşdirildi. Bu hədəflər demək olar ki, bütün sahələri əhatə edir. Xüsusən, nəqliyyat keçid yollarının önə çıxarılmasını zəruri edir.

Ötən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Türk dünyasının hörmətli liderləri, qlobal səviyyədə yaşanan proseslər enerji təhlükəsizliyinin və enerji sahəsində əməkdaşlığın önəmini bir daha ortaya qoyub. Resurslarla zəngin və əlverişli coğrafi mövqedə yerləşən türk dövlətlərinin rolu bu baxımdan mühüm önəm daşımaqdadır.

Görüşün sonunda Qarabağ bəyannaməsinin imzalanması qarşıdakı illər üçün yol xəritəsi rolunu oynayır. Bəyannəmədə türk dövlət başçılarının cənab Prezidentə təşəkkür bildirmələri onu göstərir ki, Azərbaycan dövlət başçısı türk dünyasının əməkdaşlığında müstəsna rol oynayır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə