Siyasi islahatlar davamlı xarakter daşıyır

"Prezident İlham Əliyevin Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir. Şübhəsiz, 1 sentyabrda bütün dünya Azərbaycanda keçiriləcək demokratik seçkilərin şahidi olacaq”. SİA xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.

Asif Əsgərli qeyd edib ki, parlament seçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi mövcud reallığın tələbidir: “Çünki, bildiyimiz kimi, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçiriləcək. Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Bütün bunlar çox böyük məsuliyyət tələb edir. Buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsü irəli sürülmüşdür. Çox müsbət haldır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs millət vəkilləri tərəfindən dəstəklənmişdir”.

O bildirib ki, YAP hər zamankı kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşır: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Ən önəmli məsələ isə ərazi bütövlüyümüz bərpa edilib. Bu parlament seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ilə yadda qalacaq”. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə