“Azərbaycan öz enerji məhsulunu ixrac etməyə hazırdır" - ŞƏRH EDİLDİ

“Bakıda keçirilən Enerji Həftəsi ilə bağlı “Euronews” kimi nüfuzlu mətbuat orqanının reportaj hazırlaması həmin tədbirin əhəmiyyətini və Avropanın enerji məsələlərini daim diqqətdə saxladığını göstərir. Reportajda cənab Prezidentin müsahibəsi bir çox məsələlərə bir daha aydınlıq gətirir, Azərbaycanın dünya enerji sektorunda oynadığı mühüm rolu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ölkə rəhbərinin Azərbaycanın ənənəvi enerji sahələri ilə yanaşı, alternativ enerji sahələrini inkişaf etdirmək istiqamətində verdiyi məlumat dünya üçün olduqca maraqlıdır: “Bu gün bəşəriyyət yaşıl dünyanın olmasında, ekologiyanın qorunmasında olduqca maraqlıdır. Bu məsələdə ənənəvi neft ölkəsi olan Azərbaycan nümunə göstərir. Azərbaycan biri-birinin ardınca günəş, külək və digər alternativ elektrik stansiyalarını inşa edib və fəaliyyətə buraxır.

Ölkə başçısı müsahibəsində bildirib ki, Azərbaycan özünü istehsal etdiyi enerji ilə tam təmin edir. Azərbaycan öz enerji məhsulunu ixrac etməyə hazırdır və Avropa bu məsələdə maraqlıdır. Azərbaycan çox ciddi sürətdə enerji logistikası üzərində işləyir və burada müsbət nəticələr var. Artıq Avropanın bir neçə ölkəsi Azərbaycanda istehsal olunan elektrik enerjisinin əldə olunmasına maraqlıdır, bununla bağlı müvafiq sazişlər bağlanmışdır.
Eyni zamanda bu il COP29 kimi əhəmiyyətli beynəlxalq tədbirin ev sahibi kimi Azərbaycanın dünyaya göstərəcəyi bir çox müsbət nümunələr var. Ölkəmizin enerji sektorunda fəaliyyəti yalnız Azərbaycan deyil, qonşu ölkələr üçün də olduqca faydalıdır. Bu yeni iş yerlərinin açılmasına imkan yaradır, əməkdaşlığı gücləndirir, regionda sülhü və təhlükəsizliyin təminatını verir. Ənənəvi Bakı Enerji Həftəsinin uğuru göz qarşısındadır, Azərbaycan bundan sonra da bu istiqamətdə özünün müsbət təcrübəsini dünyaya yayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə