“Azərbaycanın məqsədi prosesin sürətlə irəliyə doğru aparılmasıdır“ - ŞƏRH EDİLDİ

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı həyata keçirdiyi digər tədbirlər kimi ölkəmizin, hər zaman olduğu kimi öz öhdəliklərinə nə qədər böyük məsuliyyətlə yanaşdığını bir daha sübuta yetirir. Bu gün iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, iqlim dəyişikliklərinin yaratdığı böhran və onun fəsadları, bütün ölkələrin inkişafına ciddi əngəllər törətməklə yanaşı, hər kəsin həyatı, gündəlik yaşam təzi, sağlamlığı üçün ciddi problemlər yaradır, bəşəriyyətin gələcəyini təhlükə altına alır: “Məhz bu baxımdan, iqlim dəyişmələrinə qarşı birgə mübarizənin təşkili, insanlıq üçün ən başlıca vəzifə hesab olunmalıdır və Azərbaycan ənənəvi enerji istehsalçısı olan bir ölkə kimi, bu prosesdə aparıcı yer almaqla, həm də yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə qlobal məsuliyyətini nümayiş etdirir. Cənab Prezidentin toplantı iştirakçılarına müraciətində qeyd olunduğu kimi, qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır və eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır. Bu baxımdan qarşıdakı zaman kəsiyindən səmərəli istifadə olunması, bəşəriyyətin ortaq gələcəyinə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətin dərk olunması kimi qiymətləndirilməlidir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəmizin qlobal iqlim dəyişmələri və onların fəsadlarına qarşı mübarizəyə, həm də ardıcıl, sistemli yanaşmasını nümayiş etdirir. Azərbaycanın məqsədi prosesin sürətlə irəliyə doğru aparılmasıdır və COP29 öncəsi ölləmizdə qlobal iqlim dəyişmələri ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi, ən müxtəlif formatlarda dialoq platformalarının yaradılması da bunu sübuta yetirir. Şübhə etmirəm ki, ölkəmizin COP29-un təşkili prosesində nümayiş etdirdiyi yüksək təşkilatçılıq məharəti və prosesin ardıcıllığının təmin edilməsi istiqamətində nümayiş etdirdiyi yüksək peşəkarlıq bu istiqamətdə yeni və daha yüksək standartların yaranmasına yol açacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə