YAP İdarə Heyətinin üzvü Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu 2024-cü il 23-24 may tarixlərində Rusiyanın Perm şəhərində keçirilən “Avropa-Asiya: sivilizasiyaların dialoqu” mövzusunda ikinci konfransda iştirak edib. SİA xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin və hakim “Yedinaya Rossiya” partiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 10-dan artıq ölkədən olan ictimai-siyasi xadimlər və ekspertlər müasir qlobal çağırışlar şəraitində sivilizasiyalararası dialoqun xüsusiyyətləri haqqında fikir mübadiləsi aparıblar.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu sivilizasiyalararası dialoqun qlobal təhlükəsizlik üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərin çoxqütblü olması sivilizasiyalararası dialoqun qurulması və inkişafı üçün real imkanlar yaradır. E.Mirbəşiroğlu əlavə edib ki, müəyyən dairələr məhz sivilizasiyaların toqquşması yolu ilə məqsədyönlü şəkildə münaqişə potensialını artırır və bununla da dünyanı sırf öz maraqları çərçivəsində idarə etməyə çalışırlar: “Bir mədəniyyətin digərlərindən üstünlüyünün vurğulanması əslində təhlükəli mədəniyyətlərarası və ardınca da siyasi konfliktlərə gətirib çıxarır. Bu cür dağıdıcı cəhdlərə ən böyük sivilizasiyalararası dialoqla qarşı çıxmaq olar”.

E.Mirbəşiroğlu qədim multikulturalizm və tolerantlıq ənənələrinə malik olan Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfədən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlərdən və ölkəmizin nüfuzlu beynəlxalq mədəniyyətlərarası, dinlərarası dialoq forumlarına ev sahibliyi etməsindən də bəhs edib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri də mahiyyət etibarilə regionumuzda mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

Tədbir çərçivəsində iştirakçıların Permdəki “Xoxlovka” memarlıq-etnoqrafik muzeyinə və insanabənzər robotların istehsalını həyata keçirən “Promobot” şirkətinin fabrikinə ekskursiyası təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə