Millət Məclisin, TBMM-in parlament aparatları arasında təcrübə mübadiləsi müzakirə edilib

Mayın 23-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlərin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolu qeyd olunub.

Prezidenti İlham Əliyevin cari il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkilib, dövlətimizin başçısının “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin yeni tarixi mərhələyə keçiddə strateji məqsəd və vəzifələri müəyyən etdiyi qeyd olunub.

Söhbətdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, həmçinin ölkələrin parlament aparatları arasında əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti vurğulanıb.

Türkiyə Böyük Millət Məclisinin Baş katibinin müavini Naim Çoban isə öz növbəsində bildirib ki, ikitərəfli əlaqələrin dərinləşməsində parlamentlərarası münasibətlərin rolu böyükdür. İşçi qruplarının təmaslarının, qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən qonaq iki ölkənin parlament aparatlarının arasında həyata keçirilən sıx təcrübə mübadilələri və qarşılıqlı səfərlərdən danışıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputat Naqif Həmzəyev və TBMM-in nümayəndə heyətinin üzvləri çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər, parlamentlərarası münasibətlərin dərinləşdirilməsi, həmçinin parlament aparatları arasında təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə