"Şuşa bundan sonra mədəniyyət ocağı olaraq şərəflə öz həyatına davam edəcəkdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Şuşada keçirilən VII Xarıbülbül Beynəlxalq Musiqi Festivalı birlik və həmrəylik bayramıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, çünki, 2024-cü ildə Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunub: "Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı olmasına səs vermiş çoxlu İslam ölkələrindən nümayəndələr öz mədəniyyət nümunələri ilə Cıdır düzünə gəldilər. Bu, həm də Şuşanın beynəlxalq əhəmiyyətini artırır. Yəni, Şuşada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ənənə halı almışdır. Bu, həm də Şuşanın bizə əziz olduğunun göstəricisidir. Çünki, Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Şuşa adından da göründüyü kimi təmiz və pak bir şəhərdir. Ona görə də bu şəhər işğalçıları qəbul etmədi.
Torpaqlarımız erməni işğalı altında olduğu illərdə Şuşa gülmürdü, əziyyət çəkirdi, amma Azərbaycan ruhunu özündə yaşatdı. 44 günlük Vətən müharibəsindən sonra Şuşa yenidən gülməyə başladı. Keçirilən Xarıbülbül Beynəlxalq Musiqi Festivalları Şuşanın qayalarını, daşlarını yenidən oyatdı.
Bu gün Şuşa xoşbəxtdir. Çünki, Şuşada həm musiqi sədaları ucalır, həm də öz doğma sakinlərini qarşılayır. Dövlətimiz Şuşanı yenidən qurur və bərpa edir. Yenidən qurma və bərpa işləri Şuşanın tarixiliyini, mədəni və dini irsinin qorunub saxlanması ilə icra olunur. Heydər Əliyev Fondu Şuşanın mədəniyyət ocaqlarını, böyük klassiklərin evlərini, məscidlərini yenidən qurmaqla şəhərin tarixi kaloritini özünə qaytarır.
Şuşa həm də qəhrəmanlıq, zəfər və sülh rəmzidir. Şuşanın azad olunması əsgərlərimizin yazdığı qəhrəmanlıq dastanı sayəsində olmuşdur. Məhz bu şəhərimizin azad olunması, Zəfərimizin elan olunmasına yol açdı. Həm də uzun illər düşmənçilk yaşayan tərəflə sülh gündəliyi müəyyənləşdi. Beləliklə, Şuşa bundan sonra həmişə mədəniyyət ocağı olaraq şərəflə öz həyatına davam edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB