"Onlar Azərbaycan uğrunda olmasa da, insanlıq uğrunda savaşda həlak olublar" - MÜNASİBƏT BİLDİRİLDİ

"9 May tarixi bütün dünyada İkinci dünya müharibəsinin bitməsi və faşizm üzərində qələbə günü kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, 9 May İkinci dünya müharibəsi zamanı 50 milyona yaxın insanın ölümünə səbəb olan faşist ideyalarının, imperialist və işğalçılıq siyasətinin həmin gün məğlub edildiyi gündür: "Bu baxımdan 9 May tarixi bütün dünyada qələbə günü kimi qeyd olunur. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

O cümlədən, Azərbaycanda da İkinci dünya müharibəsi zamanı 600 minə yaxın Azərbaycan vətəndaşı keçmiş SSRİ-nin tərkibində yaşayan xalqların nümayəndəsi kimi savaşlarda iştirak ediblər. 300 minə yaxın soydaşımız bu savaşda həyatını itirib. Ona görə də, İkinci dünya müharibəsinin bitdiyi 9 May tarixi imperialist dövlətlərin dünyanı yenidən bölüşdürməsi və mənafeləri uğrunda savaş olsa da, bütün hallarda faşizm ideyası və işğalçılıq siyasətinin məğlub edildiyi gündür.

Ona görə qeyd etdiyimiz kimi 300 min azərbaycanlının xatirəsini həmin gün - 9 Mayda yad edirik. Onlar Azərbaycan uğrunda olmasa da, insanlıq uğrunda savaşda həlak olublar. Onların xatirəsi hörmətlə anılmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə