“Ölkəmizdə heç kim siyasi əqidəsinə görə həbs olunmur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Cəmiyyətimizə bu gün özünü heç cürə qəbul elətdirə bilməyən radikal müxalifət artıq insanların yaddaşlarında çox çirkin bir imic qazanıblar. Azərbaycan cəmiyyəti onların ötən əsrin 90-cı illərində ölkəmizin və xalqımızın başına nələr gətirdiyini çox gözəl bilir. Elə bu gün də onların apardıqları siyasətin dövlətimizə və xalqımıza necə bəlalar gətirəcəyini cəmiyyətimiz yaxşı başa düşür”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, bu günlərdə səsləri çıxan müxalifətin radikal nümayəndələri xaricdəki sahiblərindən yeni mitinq tapşırığı alıblar: “Onlar sifarişli mitinq cəhdinin şoudan başqa bir şey olmadığı siyasi məhbus məsələsini qaldırmaqla göstərmiş oldular. Ölkəmizdə heç kim siyasi əqidəsinə görə həbs olunmur. Elədirsə, onda müxalifət liderləri necə olur ki, açıq şəkildə hakimiyyəti tənqid edirlər, sərt fikirlər səsləndirirlər, rəsmi mövqeyi ilə razılaşmırlar. Bu iddianın heç bir əsası yoxdur. Azad mətbuat, senzurasız internet var. Azərbaycan açıq cəmiyyətdir, siyasi fəaliyyətə heç bir məhdudiyyət qoyulmur.

Bu xəyanətkar zümrənin sifarişlə keçirtmək istədikləri “mitinq” şoudan və cəmiyyətdə qarşıdurma yaratmaqdan başqa bir şey deyil. Hələ indi bunlar öz aralarında da qarşıdurma yaradırlar. Bir-birindən xəbərsiz mitinq vaxtı elan edirlər, yəqin ki, elə qrantı bölüşə bilmədiklərindəndir.

Bu gün dünyada gedən proseslərə hamımız bələdik. Azərbaycanda sabitliyi, əmin-amanlığı pozmağa cəhd edən bu şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyətini itirən qaragüruhçuların milli birliyimizə xələl gətirmək, cəmiyyəti çasdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq kimi niyyətləri hər zamankı kimi boşa çıxacaqdır və xalqımız dövlətə qarşı olan heç bir avantürada iştirak etməyəcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə