“Hadı Rəcəbli yaddaşımızda məsuliyyətli bir deputat kimi qalacaq” - DEPUTAT TƏƏSSÜRATINI BÖLÜŞDÜ

“Uzun müddət parlamentdə Hadı Rəcəbli ilə həmkar olmuşuq, bir müddət Milli Məclisin sosial siyasət komitəsində işləmişik. O, mənim yaddaşımda çox məsuliyyətli, işini səliqəli görməyə, üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışan insan kimi qalıb. Parlamentdə seçilənə qədər uzun müddət partiya Sovet orqanlarında, o cümlədən Nazirlər Kabinetində çalışıb. Hadı Rəcəblinin böyük siyasi və təsərrüfat təcrübəsi var idi”. Bu sözləri sabit deputat Hadı Rəcəblinin dəfn mərasimində SİA-ya danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

”Münasibətdə kifayət qədər mədəni, insanlara hörmətlə yanaşan, konfliktə marağı olmayan bir insan kimi yaddaşıma həkk olunub. Ağrılı məsələlərin müzakirəsində hər zaman qanunun, ədalətin, insanların maraqlarını müdafiə etməyə üstünlük verirdi. Bütün bunlar Hadı Rəcəblini medianın vaxtaşırı müraciət etdiyi ünvana çevirmişdi, mətbuata açıq idi. Mətbuat həm parlament, həm də digər məsələlər barəsində tez-tez onun fikirlərini öyrənirdi.

Hadı Rəcəbli həm də görkəmli bir alim idi, siyasi elmlər doktoru, professor idi. Təqribən bir həftə, on gün əvvəl onunla yanaşı əyləşib, söhbət etmişdik. Heç kəs onun belə tez dünyadan getməsini gözləmirdi. O. bizim yaddaşımızda gözəl insan, məhsuliyyətli deputat kimi qalacaq”,- deyə deputat əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə