“Ermənistanın 30 il ərzində ərazilərimizi total şəkildə minalaması danılmaz faktdır” - POLİTOLOQ DANIŞDI

“Ermənistanın 30 il ərzində ərazilərimizi total şəkildə minalaması danılmaz faktdır” - POLİTOLOQ DANIŞDI

“Məlumdur ki, istənilən müharibənin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Ümumiyyətlə, mina problemi dünyada qlobal təhlükə sayılır. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, Ermənistanın 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalaması danılmaz faktdır: “Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. İlkin qiymətləndirmələrə görə ərazilərimizə 1,5 milyondan artıq mina basdırmışdır. Məhz mina terrorunun nəticəsidir ki, Qarabağ müharibəsinin başa çatmasından bu günə qədər yüzlərlə vətəndaşımız mina qurbanı olmuşdur.

Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.
Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və xüsusilə son iki il ərzində ölkəmizin bu sahədəki imkanlarlnda ciddi şəkildə artım müşahidə olunur.

Onu da qeyd edək ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına həyata keçirilir. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Beynəlxalq qurum və təsisatların, müvafiq profil üzrə ixtisaslaşmış beynəlxalq QHT-lərin laqeyd münasibəti, bu sahəyə maliyyə ayırmaması və bütün işlərin dövlət büdcəsi hesabına aparılması ikili standartlar siyasətinin, selektiv yanaşmanın və qərəzli münasibətin növbəti nümunəsidir.

Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Bu sahəyə ayrılan vəsaitin artırılması ilə yanaşı, müvafiq qurumların istitusional formada transformasiyası baş verir və müxtəlif qurumlar da ərazilərin tezliklə minalardan azad olunması işinə cəlb olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə