“Ermənistan öhdəliklərini yerinə yetirmir” - ŞƏRH EDİLDİ

“Ermənistan öhdəliklərini yerinə yetirmir” - ŞƏRH EDİLDİ

“Azərbaycan Vətən müharibəsi və anti-terror tədbirləri ilə ərazi bütövlüyü və dövlət suverenliyimizi təmin etdikdən sonra sərhədlərimiz daxilində insanların həyat şəraitinin təmin olunması, işğal dövründə darmadağın edilmiş yaşayış məskənlərimizin yenidən qurulması və keçmiş məcburi köçkünlərin geri qayıdışını təmin etmək istiqamətində çox gərgin, ardıcıl fəaliyyət həyata keçirir. Çox təəssüf ki, bu istiqamətdə Azərbaycan dövlətinin uğurlu fəaliyyətinə mane olan bir sıra səbəblər var ki, bunun ən başlıca istiqaməti məhz işğal faktı dövründə Ermənistanın ərazilərimizə yerləşdirdikləri minalarla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiya sənədi imzalaması ilə başa çatdıqdan sonra Ermənistan üzərinə götürdüyü bir çox öhdəliklər kimi, mina xəritələrinin təhvil verilməsi ilə bağlı öhdəliyi də bu günə qədər yerinə yetirməyiblər: “Bir neçə dəfə Azərbaycanın qətiyyətli iradəsi qarşısında məcbur olub, təqdim etdikləri xəritələr belə ən yaxşı halda 20-25 faiz etibarlılıq nümayiş etdirib.

Bir sıra hesablamalara görə, Ermənistan tərəfi işğal dövründə və 10 noyabr Bəyanatından sonra keçən dövr ərzində ərazilərin qanunsuz şəkildə minalanması nəticəsində Azərbaycanın Qarabağ bölgəsi və Şərqi Zəngəzur ərazisində 1 milyondan artıq mina basdırılıb. Bu fakt təbii ki, insanların kütləvi surətdə öz dədə-baba yurdlarına qayıdışına mane olmaq, bununla bölgənin məskunlaşdırılmasına problem yaratmaqla, Ermənistanın qarşıdakı illərdə Azərbaycana iddiaları qaldırmaq planları ilə bağlıdır. Amma bütün bunları çox yaxşı anlayan Azərbaycan xalqı və dövləti ardıcıl, düşünülmüş siyasət həyata keçirməklə Qarabağ bölgəsində ard-arda yeni yaşayış məskənləri tikərək, istifadəyə verir. Eyni zamanda insanlarımızdan da həmin ərazilərə səfər edərkən, daim ehtiyyatlı olmağı və icazə verilməyən bölgələrə səfər etməmələri tövsiyyə olunur. Xalqın və dövlətin birgə səyləri nəticəsində düşmənimiz və onun havadarlarının planlaşdırdıqları arzuların reallaşmasına imkan vermirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə