Sülh əleyhinə olan QƏRB MARAQLARI - TƏHLİL

Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, hansısa dövlətin apardığı hiyləgər siyasəti də sona qədər gizli saxlamaq mümkün deyil. Məsələn, ABŞ-ın Cənubi Qafqaz siyasətinin konturları artıq bir-birinin ardınca ortaya çıxır. Aprelin 5-nə planlaşdırılan Aİ-ABŞ-Ermənistan görüşündə Ermənistan üçün təhlükəsizlik zəmanətləri haqqında pakt qəbul edilməli olduğu artıq elan edilirsə, deməli, ABŞ Cənubi Qafqaz siyasətində artıq Avropanın pərdəsi arxasında gizlənməyə də ehtiyac duymur, daha gizlənmir və açıq-aşkar öz maraqlarından çıxış etdiyini hətta nümayiş etdirir. Amma bu maraqların sülh əleyhinə olduğu elə kənardan belə görünür.

ABŞ Cənubi Qafqaz regionunda gərginliyi artıraraq, yeni münaqişəyə səbəb olan hərbiləşmə yolunu tutub

Aprelin 5-də nəzərdə tutulan ABŞ-Aİ-Ermənistan paktı, Ermənistandakı “casus missiyasının” ABŞ-ı da əhatə edəcək şəkildə genişləndirilməsi və hətta yaxın gələcəkdə ciddi hərbi baza belə yaradılması məqsədi daşıdığı qənaətinə gəlməyə əsas verir. Bütün bunlar əslində Qərb tərəfindən xoşagəlməz bir ssenarinin artıq çoxdan hazır olduğunu göstərir. Belə məlum olur ki, ABŞ, Cənubi Qafqaz regionunda gərginliyi artıraraq, yeni münaqişəyə səbəb olan hərbiləşmə yolunu tutub. Belə bir yol tutan ölkə isə sülhdən dəm vura bilməz və artıq açıq şəkildə də göstərilir ki, ABŞ regionda, yəni Cənubi Qafqaz bölgəsində qətiyyən sülhü nəzərə almır və yalnız öz maraqlarını güdür.

Ermənilərin görüş öncəki davranışları işin nə yerdə olduğunu ortaya qoyur

Bilirik ki, keçirilməsi nəzərdə tutulan görüş Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Blinkenin iştirakı ilə keçiriləcək. Amma anlaşılmayan odur ki, görüşə hazırlıq canlı qüvvənin, zirehli texnikanın, artilleriya qurğularının, eləcə də digər ağır atıcı silahların cəmləşməsi və şərti Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin qoşunlarının intensiv hərəkəti müşayiət olunur. Nəyə görə? Niyə axı belə bir görüş öncəsi Ermənistan şərti səthəddə hərbi birləşmələri, hərbi texnikanı yığır? Bax elə məsələnin mahiyyətini açan da budur. Yəni, ermənilərin görüş öncəki davranışları işin nə yerdə olduğunu ortaya qoyur. Çox güman ki, görüş vaxtı, görüş zamanı İrəvan öz hərbçilərinin köməyi ilə Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat törətmək, Azərbaycan tərəfindən daha sərt cavab almaq və məhz bunu da Azərbaycanın “təcavüzü” kimi təqdim etməyi planlaşdırır. Hətta bu məqamda Rusiyanın “əl-yetirmədiyini” də göstərərək, Qərb yönümlü olduğunu, Qərbə tərəf getdiyini əsaslandırmağa çalışır. Bu da ABŞ üçün tam uyğun gəlir və indi Ermənistanın şərti sərhəddə canlı qüvvə və hərbi texnika yığmasına da ona görə iki əlli razıdır. Bununla həm Ermənistan və həm də ABŞ göstərmək və əslində guya sübut etmək istəyir ki, belə bir məqamda haylar üçün Qərbə inteqrasıya guya heç zaman olmayan qədər zəruri imiş.

Ermənistanla razılaşma ABŞ-ın İrəvan səviyyəsində deyil, qlobal səviyyədə olan planının hələ birinci hissəsidir

Sözsüz ki, Ermənistanın tutmalı olduğu yol da, rəsmi İrəvanın atmalı olduğu addımlar da, inteqrasiya məsələsi də çoxdan müzakirə də olunub, həll də edilib və hətta ssenarisi belə hazırdır. Amma bu o demək deyil ki, ABŞ canı-könüldən Ermənistan üçün və hayların bu “bədbəxt” ölkələrinə kömək etmək üçün, həmin ölkəyə sülh gətirmək və onu inkişaf etdimək üçün əl-ayağa düşüb, xeyr. ABŞ-ın məqsədi heç də Ermənistanı, hayları qorumaq deyil. Ermənistanla razılaşma ABŞ-ın İrəvan səviyyəsində deyil, qlobal səviyyədə olan planının hələ birinci hissəsidir və ilk öncə plan regionda, Cənubi Qafqazda rəqibi olan Rusiyanın hayların ölkəsindən öz diqtəsi ilə sıxışdırılması və yerində də hərbi mövcudluğunu yaratmaqdır. Həm də nəzərə alsaq ki, Cənubi Qafqazda Türkiyə-Azərbaycan müttəfiqliyinin və xüsusən də türk dünyasının güclənməsini ABŞ görmək istəmir, deməli, Vaşinqton üçün növbəti plan Azərbaycanın güclənməsinə mane olmaqdır və haylardan da istifadə edərək, bölgəyə soxulmaqda məqsədin biri də budur. Bəli, Türkiyənin, Azərbaycanın bölgədə söz sahibi olmasını həzm etmədiyini göstərmək, bu iki qardaş ölkənin haqlı mövqeyini heç olmasa cilovlamaq üçün ABŞ Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirməyə çalışır.

Rusiyaya qarşı məhdudlaşdırma siyasəti də ABŞ üçün ön planda görünür

Heç şübhəsiz ki, Rusiyaya qarşı məhdudlaşdırma siyasəti ön plandadır. NATO-nun bu ölkənin milli maraqlarını nəzərə almadan və Moskvaya verdiyi vədlərə zidd olaraq şərqə doğru genişlənməsi Rusiyanın təhlükəsizliyinə elə təhlükəni xeyli artırıb. Ukraynanın NATO-ya daxil edilməsi planı isə iki qardaş xalqın Amerika maraqları naminə bir-birini məhv etdiyi qanlı müharibəni alovlandıran amillərdən biri oldu. Keçən yay Rusiyanın şimal qonşusu Finlandiya da NATO-ya üzv oldu. Amerika mətbuatının yazdığına görə, Helsinki ilə Vaşinqton arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlanarkən ABŞ Finlandiya torpaqlarında, Rusiyanın yanında mühüm hərbi infrastruktur yerləşdirməyə icazə alıb. Maraqlıdır ki, gürcü mətbuatının yazdığına görə, Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl ABŞ Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etsə də, həmin ölkə hakimiyyəti bundan imtina edib. Görünən odur ki, həqiqətən də ağıllı şəkildə addım atıb. Çünki ABŞ hansı ölkəni istəsə poliqona çevirmək üçün zərrə qədər də tərrəddüd edən deyil, təki öz maraqları təmin olunsun. Bir sözlə, Vaşinqton üçün hansısa bir ərazinin döyüş meydanına çevrilməsi, dağıntılar, insan tələfatı və böyük itgilər qətiyyən maraqlı görünmür, çünki itgilər də, tələfat da, dağıntılar da eyni ilə Ukraynada müşahidə etdiklərimiz kimi amerikalılara aid deyil.

“Gürcüstan yoldur, Ermənistan alətdir, Azərbaycan mükafatdır”, deyə düşünülür

ABŞ İrana qarşı da oyun oynayır. Diqqətə çatdıraq ki, rəsmi Vaşinqtonu incidən odur ki, amerikalılar şərqdə İrana bitişik olan Əfqanıstandan biabırçı şəkildə geri çəkilməyə məcbur oldular. Deməli, amerikalılar hesab edirləri ki, Ermənistandakı baza İrana şimaldan təhdid nöqtələrindən biri ola biləcək. Təbii ki, ideal olaraq amerikalılar Azərbaycanda olmaq istərdilər. Çünki ölkəmiz onlar üçün digər region ölkələri ilə müqaisəyə gəlməyəcək dərəcədə fərqlidir, üstündür. Əslində, hər zaman buna nail olmağa çalışıblar və hələ də çalışmaqdadırlar, baxmayaraq ki, başları hər dəfə daşdan-daşa dəyir və dəyəcək də. Amma bununla belə əl çəkən kimi də görünmürlər, şünki böyük fərqi görürlər və hətta bunu analitikləri etiraf da edirlər. Məsələn, amerikalı analitik Pol Qobl, “Gürcüstan yoldur, Ermənistan alətdir, Azərbaycan mükafatdır”, deyə ölkəmizin üstünlüyünü açıq şəkildə izah etməyə çalışıb və güman edirik ki, “mükafatdır”, deməklə buna nail ola bilib.

Süverenliyini çoxdan itirən Ermənistan asanlıqla ələ alınır, marionet kimi istifadə edilir

Sadalananlar sübut edir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunu ancaq xaosa və qeyri-sabitliyə sürükləməyə çalışır. ABŞ-ın məqsədi Amerika hegemonluğuna qarşı mübarizədə birləşməyə çalışan mümkün qədər çox dövlətin suverenliyinə xələl gətirməkdir ki, onlara mane olmaq şansı əldə edilsin. Məhz bunun üçün də Ermənistan kimi, onsuz da suverenliyini çoxdan itirmiş, gah bu, gah da digər dövlətin himayəsi, qənədi altında olan ölkəni asanlıqla ələ alır və öz marioneti kimi istifadə edir. Bir sözlə, rəsmi İrəvanı öz maraqlarına alət edir. Haylar isə ya bunu başa düşmürlər, ya da mövcud şəraitdə başa düşmək istəmirlər. Amma heç şübhəsiz ki, onlar da görürlər ki, Qərbin maraqları sülh əleyhinədir və əgər həqiqətən də haylar sülh istəsəydilər, bu maraqların alətinə çevrilməyi özlərinə rəva bilməzdilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə