Gürcüstan-Azərbaycan dostluğunun qədim tarixi var – MÜNASİBƏT

Gürcüstan-Azərbaycan dostluğunun qədim tarixi var – MÜNASİBƏT

“Gürcüstan-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub. Müstəqillik qazandıqdan sonra hər iki ölkənin həyatında təxminən oxşar hadisələr baş verib. Həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyü pozulub, vətəndaşları məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunlar hər iki qonşu ölkəni birləşdirib, bir addım atmağa sövq edib. Dostluğumuzun, qardaşlığımızın dərin tarixi kökləri olduğundan xalqlarımız daim mehriban qonşuluq şəraitində yaşayıblar. Təbii ki, ölkə rəhbərlərinin münasibəti də burada böyük rol oynayıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da bu barədə geniş məlumat verdi. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafında iqtisadi əlaqələr üçün münbit şəraitin yaranmasını da xüsusi qeyd edib: “Həyata keçirilən nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Avropanın 8 ölkəsi Azərbaycan qazını alır. Gələcəkdə bu ölkələrin sayının artacağı proqnozlaşdırılır. Burada Gürcüstanla Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə