Azərbaycanın sülh təşəbbüsünə qeyri-adekvat ERMƏNİ TƏXRİBATI - TƏHLİL

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan təxribat xarakterli bəyanatlar səsləndirməklə rəsmi İrəvanın əsil mahiyyətini, işğalçıların çirkin niyyətini və mövqeyini ortaya qoyub. O, BMT Təhlükəsizlik Şurasının “Münaqişələrin qarşısının alınmasının təşviqi–bütün iştirakçıların, o cümlədən qadınların və gənclərin səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən açıq debatda özünün həqiqətdən uzaq, reallığı əks etdirməyən və çürük fikirlərini söyləməklə, bir daha işğalçı ölkənin böhtana söykənən və hələ də işğal niyyətində olmasını, hayların həyasızlıqla başqalarına məxsus torpaqlara iddialılığını bir daha ifşa etmiş olub. İfşa etmiş olub ki, Ermənistan heç də sülhün tərəfində deyil və ümumiyyətlə, belə bir niyyəti də yoxdur.

“Münaqişəli vəziyyətlərdə ən çox əziyyət çəkən qadınlar və gənclərdir”, deyən Marqaryandan soruşmaq ayıb olmasın, həmin münaqişəli vəziyyəti yaradan kimdir? Guya Ermənistanın BMT-dəki daimi nümayəndəsi bilmirmi ki, münaqişəni yaradan da, onun aradan qaldırılmasına imkan verməyən də, qadınları və gəncləri əziyyətə salan da elə Ermənistan tərəfidir? Bilmirmi ki, Ermənistanın işğalçılıq siyasətinə görə münaqişə ortaya çıxıb? Bilir. Çox yaxşı bilir və fərqindədir ki, Ermənistan ərazi iddiası ilə çıxış etməklə, hətta başqalarına məxsus olan torpaqları işğal etməklə, zəbt etməklə minlərlə insan tələfatına səbəb olub. Bilir ki, özlərinə məxsus olmayan əraziləri ələ keçirmək üçün ermənilər min bir hoqqadan çıxaraq, hər vasitəyə əl ataraq, qırğınlar, soyqırımları törədərək, etnik təmizləmə siyasəti yürüdərək niyyətlərini gerçəkləşdirməyə çalışmışlar. Bunun üçün də hərbi cinayətlərə belə əl atmağı özləri üçün məqbul hesab etmişlər və bu gün də təxribatlar törətmək haylar üçün adi hal, qəbulolunan hal hesab olunur.

Ermənistanın BMT-dəki daimi nümayəndəsi yaxşı bilir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan çox ağır itkilər verib. Müxtəlif hesablamalara görə, 15 mindən çox Azərbaycan vətəndaşı həlak olub. Bundan əlavə, 2021-ci ildə Azərbaycan tərəfinin itkin düşmüş şəxslər siyahısında 3890 nəfərin, o cümlədən 3171 hərbi qulluqçu və 719 mülki şəxs olduğu barədə də məlumatsız ola bilməz. Bəyəm o bilmirmi ki, həmin itgin düşənlər hələ də Ermənistan tərəfindən geri qaytarılmayıb? Bəs, 1992-2006-cı illər ərzində 451 nəfər erməni əsirliyində ölənlər, daha doğrusu, öldürülənlər barədə də bilməyə bilər? Bu mümkün deyil, çünki o sıradan bir erməni deyil, Ermənistanın BMT-dəki daimi nümayəndəsidir və yetırincə məlumatlıdır. Onun elə Ermənistan tərəfindən verilən itgilərdən də, tələfatdan da xəbər var. Bir sözlə, indi ağzına gələni danışan və ancaq təxribat niyyəti ilə sayıqlayan Mher hər şeyi lap yaxşı bilir, amma görünən odur ki, digərləri kimi, onun da niyyəti ancaq təxribatçılıqdır.

Heç kim üçün sirr deyil ki, törətdiyi cinayətlərə, soyqırımlara, işğalçılıq və vandallıq əməllərinə görə Ermənistan tərəfinin beynəlxalq məhkəmə, beynəlxalq qurumlar tərəfindən cəzalandırılması məsələsi belə qaldırılmayıb. Mher Marqaryan isə təbii ki, bu məsələdən tamamilə uzaq qaçmağa çalışıb. O, bu qanlı münaqişənin səbəblərini də göstərməyib, baxmayaraq ki, burada hər şey göz qabağındadır. Xatırladım ki, 1988-ci il fevralın 20-də DQMV xalq deputatlarının növbədənkənar sessiyası qanunvericilikdən yan keçərək Ermənistan SSR, Azərbaycan SSR və SSRİ Ali Sovetlərinə bu məsələyə baxıb müsbət həll edilməsi xahişi ilə müraciət etmişdi. DQMV-nin Azərbaycandan Ermənistana verilməsi üçün ermənilər əldən-ayaqdan gedirdilər və bacardıqları qədər də buna nail olmağa çalışırdılar. İngilis jurnalisti Tomas de Vaalın “Qara bağ” kitabında qeyd etdiyi kimi, məhz o gündən “silahlı münaqişəyə doğru yavaş sürüşmə başlayıb”. Amma Ermənistanın BMT-dəki daimi nümayəndəsi bu barədə heç nə deməyib. O, yalan və təxribat xarakterli bəyanatlar səsləndirməyə üstünlük verib. Beləliklə, o, rəsmi İrəvanın guya “Dağlıq Qarabağ əhalisinin blokadaya alınması” ilə bağlı uzun və tez-tez təkrarlanan tezisini təkrarlayıb, hansıki reallıqda heç də belə olmayıb. Axı Ermənistandan Xankəndinə yol açıq olub. Haylar bu yolla həyasızlıqla hətta qanunsuz şəkildə silah-sursat da daşıyıblar və buna heç bir ad qoymaq, don geyindirmək olmaz. Hansıki bu barədə də Marqaryan danışmayıb, çünki sərf eləmir və bunu gizlətdiyini düşünür.

Marqaryan nə qədər ağlına gələni danışsa da, necə düşünsə də qətiyyən fərq eləmir. Çünki onun dırnaqarası “blokada” deməsinə baxmayaraq əslində, qeyd olunan yolun olması, məhz həmin yolla Qarabağ xuntasının bir çox keçmiş nümayəndələrinin Xankəndindən Ermənistana qaçıb aradan çıxması bütün dünyaya bəllidir. Heç bir maneə olmadan Xankəndini tərk edənlər gedib İrəvana çatdıqda uyğunsuz fikirlərlə dolu müsahibələr verdikləri zaman utanmadıqları kimi, Mher də təxribat xarakterli fikirlər səsləndirənə qətiyyən utanana oxşamır. O, mifik qondarma “etnik təmizləmə” haqqında hər dəfə köhnə erməni havasını çalanda belə çox yaxşı bilir ki, heç də onun dediyi kimi olmayıb. Çox yaxşı bilir ki, əraziləri tərk etmək barədə ermənilər qarşısında tələb qoyulmayıb, əksinə, onlara Azərbaycan vətəndaşlığını qəbul edərək, həmin ərazilərdə qalıb yaşamaları təklif edilib. Hər halda, erməniləri məcbur şəkildə tutub saxlamaq da doğru olmazdı və ərazilərimizi tərk etmək onların öz seçimləri olub. Daha dəqiq desək, indi həmin o dırnaqarası “öz müqəddəratını müəyyən etmə hüququ” deyə bağıranlar bilməlidirlər ki, onlara öz müqəddaratını təyin etmək şansını və hüququnu da elə Azərbaycan tərəfi verib. Azərbaycan vətəndaşlığını qəbul edərək, qalıb yaşamaq təklifi də edilib, getmək qərarlarına da hörmətlə yanaşılıb. Bütün dünya Azərbaycanın işğal olunmuş ərazisində qeyri-qanuni məskunlaşan ermənilərin bu torpaqları sakitcə tərk etmələrini, hətta Azərbaycan telekanallarına müsahibələr belə verdiklərinin şahidi olub.

Bütün dünya ictimaiyyəti şahidi olub ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk edən ermənilər, Azərbaycan dilini belə bilirlər və onlar ərazilərimizi könüllü şəkildə, heç bir təşviş belə olmadan tərk edirlər. Hər kəs görürdü ki, vəhşilikləri ilə azərbaycanlıları öz doğma yurd-yuvalarından didədərgin salan ermənilər öz əşyalarına qədər götürüb ərazilərimizi tələsmədən və rahat şəkilə tərk edirlər. Ərazilərin sahiblərini, azərbaycanlıları ayaqyalın, başıaçıq şəkildə qarlı dağ yolları ilə qaçmağa vadar edən ermənilərin indi öz avtomobilləri ilə magistral yolla Ermənistana üz tutduqlarını da dünya ictimaiyyəti müşahidə edib. Bu barədə kifayət qədər video kadrlar var. Erməni vəhşiliyindən azərbaycanlılar canlarını götürüb qarlı qış axşamında ayaqyalın qaçdıqları halda, nəticədə də bəzilərinin ayaqları amputasiya olunduğu halda, ermənilərin avtomobillərdə, özü də çatışmayan bəzi ləvazımatlarla təmin olunaraq ərazilərimizi tərk etdiklərini də müşahidə edənlər az olmayıb. Onların Azərbaycan polisindən yol üçün su, şirniyyat və yemək aldıqları da bir çox kadrlarda öz əksini tapır. İndi Marqaryana xatırlatmaq yerinə düşərdi ki, erməni yaraqlılarının öz yurd-yuvalarından didərgin saldıqları, ata-anaları övladlarından ayırdıqları, günahsız insanları gülləbaran etdikləri azərbaycanlılar əsl etnik təmizləməyə məruz qalıblar, ermənilər yox. Təbii ki, bunları xatırlatsaq da, dəfələrlə desək də, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan bunu lap yaxşı bilsə də bunu da xatırlamaq qərarına gəlməyib. Əksinə, qərara gəlib ki, hay həyasızlığı ilə tamamilə əksini söyləsin və təxribat yaratsın.

Bircə dənə sula qoy Mher Marqaryan olmayan vicdanı ilə cavab versin görək, ermənilər öz yurd-yuvalarından Ermənistanda didərgin düşüblər? Onları Ermənistandan qovublar? Xeyr. Azərbaycan torpağını tərk etmiş ermənilərə didərgin demək də hay həyasızlığıdır. Onlar heç qovulmayıblar da, belə bir fakt da yoxdur. Amma Azərbaycan ərazisində azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması ilə bağlı çoxlu faktlar var. Marqaryan isə bütün bunları bilir, amma yalan danışır, təxribat xarakterli bəyanatlar səsləndirir. Ona görə ki, İrəvanda belə danışmaq, belə davranmaq tapşırığı ona İrəvan tərəfindən verilib. Xüsusən də BMT Təhlükəsizlik Şurasından ölkəmizi pisləmək üçün meydan kimi istifadə etmək niyyətinin açıq-aşkar üzə çıxdığı bir vaxtda onun hansı “tapşırıq” aldığı bəllidir. Amma rəsmi İrəvan bilməli idi ki, belə tapşırıqları da, cəhləri də hər dəfə olduğu kimi, yenə də fiaskoya uğramalı idi və elə də olur. Buna baxmayaraq ermənilər qətiyyən ar-abır etmək niyyətində görünmürlər və hələ də dönə-dönə Azərbaycanla bağlı cəfəngiyyatlar, yalanlar yaymağa çalışırlar.

Xatırlatma edirik və bütün dünyaya, eləcə də Avropaya bəyan edirik ki, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının bütün erməni qanunsuz silahlı birləşmələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması tələbini əks etdirən dörd qətnaməsinə Ermənistan əsrin üçdə birinə yaxın müddət ərzində məhəl qoymayan bir ölkədir. Onu da qeyd etmək yerinə düşər ki, bütün bu təxribatçı çıxışlar Bakıdan verilən son dinc bəyanatlara cavab olaraq səsləndirilib. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinqerlə söhbəti zamanı ölkəmizin Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı olduğunu vurğulayıb və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplər qeyd olunub. Bundan əlavə, paytaxtımızda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildiyi zaman da bu forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin sülh prosesini davam etdirməyə hazır olduğunu açıq şəkildə bildirmişdir. “Biz inanırıq ki, sülh əldə edilə bilər. Bizim istədiyimiz budur. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb”, deyə dövlətimizin başçısının vurğulaması dövlətimizin sülh tərəfdarı olduğunu bir daha təsdiq edir. Elə isə, Marqaryanın dediklərinə təxribatdan başqa daha nə ad vermək olar?

Mher Marqaryan, sözün əsl mənasında öz ölkəsinin mövqeyini göstərmiş olub. O, Azərbaycanın sülhsevər təşəbbüslərinə Ermənistan tərəfinin necə qeyri-adekvad cavab verdiyini nümayiş etdirib. Bu isə, sözsüz ki, rəsmi İrəvanın təxribatçılıq əməllərindən, işğalçılıq siyasətindən əl çəkib Azərbaycanla sülhə doğru real addımlar atmaq istəmədiyinin və acizliyinin növbəti sübutu olaraq növbəti dəfə diqqətdən yayınmamalıdır və hər halda, yayınmadı da.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə