Qərəzlə və qərəzli doğulanlar – TƏRS BUCAQ

Qərəzlə və qərəzli doğulanlar – TƏRS BUCAQ

Norveç İnsan Haqları Evi Fondunun anti-Azərbaycan dinləmələrində kimlər yer alıb?

Bu gün Azərbaycanda demokratiyanın bərqərar olduğunu çəkinmədən söyləmək olar. Söz və mətbuat azadlığının, siyasi plüralizmin hakim olduğu cəmiyyətdə yaşadığımızı unutmamalıyıq. Təbii ki, belə bir şəraitdə siyasi əqidəsindən, dünya görüşündən, həyata baxışından asılı olaraq fərqli fikirlərin olmasını qəbul etməliyik. Hamını eyni düşünməyə vadar edəcək bir həvəsimiz də yoxdur. Hadisəyə fərqli fikir bildirənlər yetərincədir, onların fərdi reaksiyasına etiraz da birinin haqqı sayıla bilər. Amma baxış şkalası, münasibət ölçüsü milli maraqları aşanda, yaxud ümumi işimizə ziyankarlıq edəndə… Bəli, əsl mərəkə də bundan sonra başlayır. Dövlət və dövlətçilik ənənələrinə xələl gələndə, xalqın və millətin dəyərləri tapdananda qanunlar, qınaqlar, ağıllandırmalar öz işini görməlidir. Yoxsa, hər şeyi itirə bilərik…

Azərbaycanla bağlı dinləmələr kimin üçündür?

Martın 15-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində “Azərbaycanda media və vətəndaş cəmiyyəti ÇOP29 ərəfəsində təzyiq altındadır” mövzusunda əlavə tədbirin keçiriləcəyi ilə bağlı anons verilmişdi. Tədbirin təşkilatçısı Norveç İnsan Haqları Evi Fondu idi. Tədbirdə özünü “siyasi mühacir” adlandıran azərbaycanlı “jurnalistlər” - Arzu Qeybulla, Leyla Mustafayeva və Norveç İnsan Hüquqları Evi Fondunun nümayəndəsi Keti Abaşidzenin çıxış edəcəyi gözlənilirdi. Fondun məlumatına görə, BMT-nin İnsan Hüquqları Şurası ötən ilin noyabrında Azərbaycanla bağlı hesabata baxdıqdan sonra “ölkədə müstəqil media və vətəndaş cəmiyyətinə təzyiqlər artıb” qərarını verib. Xüsusilə də jurnalistlər və fəalların həbs edildiyi barədə qeydlər edib. Bu dinləmələrin “Azərbaycanda 2024-cü ilin noyabrında BMT-nin iqlim dəyişikliyi konfransına ev sahibliyi etməyə hazırlaşması” ərəfəsində baş verməsindən narahatlıq ifadə edildiyi üçün keçirildiyinə diqqət çəkiblər.

Bu tədbirin keçirilməsini, orada müzakirə olunan mövzuları normal qəbul etmək olardı, amma… Əvvəla, bu tədbirin hansı təşkilat tərəfindən keçirilməsinə diqqət edək. Norveç İnsan Haqları Evi Fondu vaxtilə Azərbaycanda fəaliyyət göstərmək qərarına gəlmişdi. Amma Fondun özündəki maxinasiyalar, digər iki Cənubi Qafqaz respublikalarından fərqli olaraq ölkəmizə qarşı qərəzin çoxluğu, eyni zamanda siyasi arenada bəzi partiyaları dövlətə qarşı yönləndirmək iddiası təşkilatın sonunu gətirdi.

Norveç İnsan Haqları Evi Fondunun çirkin oyunlarından biri də Azərbaycanda az-çox üzdə olan jurnalist və ictimai fəalları tora salaraq onlardan ölkəmizə qarşı istifadə etmək olub. Jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı apardığı kampaniyaya bütün mənalarda dəstək verən də bu təşkilat idi. Hətta bu Fondun rəhbəri Mariya Dahle hələ Ermənistan tərəfindən torpaqlarımız işğal altında olduğu vaxtda Polşada Azərbaycan nümayəndələrinin də iştirak etdiyi debatlarda X.İsmayılı təlimatlandıraraq ölkəmizi müdafiə edən, həqiqətlərdən danışan çıxışçının səsini batırmaq üçün çirkin etiraza qalxıblar. Başqa ölkələrin nümayəndələrinin istənilən mövzuda çıxışına loyal yanaşan “fəallar” Azərbaycan nümayəndəsinin çıxışına biabırçı jest edərək öz əxlaqlarını göstəriblər. Həmin hadisəni izləyənlərin dediyinə görə, Xədicə İsmayılı təlimatıandıran bu şəxs Norveç İnsan Hüquqları Evinin rəhbəri Mariya Dahle olub.

Məlumatda həmçinin qeyd edilib ki, Azərbaycan hökuməti ilə bağlı “araşdırma” adı altında yayılan informasiyaların bir çoxu xanım Dahlenin əli ilə Xədicə İsmayıla ötürülüb. Ən maraqlısı isə, bu təşkilatın ona əks-fikir göstərənlərə qarşı sərt mövqe tutmasıdır. Evin Azərbaycan nümayəndəliyinin dağılmasında əsas səbəblərdən biri də bu olub. Maria Dahle Bakıda olanda bəzi QHT-ləri konstruktiv mövqedə günahlandıraraq Evi dağıdıb. Hətta iş o yerə çatıb ki, həmin Evin norveçli iki xanımı Azərbaycan QHT-lərinin nümayəndələrini beynəlxalq tədbirlərdə görsələr də, danışdırmırlar. Maria Dahle daim Azərbaycana qarşı sərt tənqidləri ilə yadda qalır. Misal üçün, o, sonuncu məqaləsində Azərbaycanı “repressiyalar ölkəsi” adlandırır. Dövlətə xəyanət və maliyyə gizlinləri ilə bağlı həbs edilən Leyla və Arif Yunusları, eləcə də digər QHT rəhbərlərini müdafiə edərək beynəlxalq təşkilatlara Azərbaycana təzyiq etmələri üçün çağırış edir.

Reallıq…

Bu günümüzün real mənzərəsi budur ki, Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana sülhün yeganə çıxış yolu olduğunu anlatmağa çalışır. Bunun üçün bir neçə platformada müzakirələr aparıb, hətta yekunda uğursuzluğu əvvəlcədən bəlli olan danışıqlara da gedib. Əvvəllər olduğu kimi Qərb ölkələrinin qondarma “xristian qardaşlığı” siyasəti səbəbindən bütün danışıqlar effektsiz başa çatıb. Bəli, məhz Ermənistanın və ona diqtə edən dövlətlərin sabotajı sayəsində hələ də sülh müqaviləsi sıfırıncı nöqtədən tərpənmək bilmir. Azərbaycanın beynəlxalq sənədlərə istinadən hazırladığı sülh layihəsinə – 5 vaza prinsipindən ibarət sənədə Ermənistan bir ildən sonra cavab verirsə, “sülh danışıqlarını Azərbaycan uzadır” fikrini qəbul etmək olarmı? Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Azərbaycan öz suveren ərazilərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib və düşmənçilik etməsinə, şəhər və kəndlərimizdə törətdiyi talanlara, vandalizmə, insanlarımıza qarşı soyqırımılarına rəğmən onun sərhədlərinə toxunmayıb, imkan olduğu halda bir kəndini belə nəzarət altına götürməyib. Niyə? Çünki, Azərbaycan xalqı və dövləti sülh istəyir. Bütün bunlar sülhü nə qədər qiymətləndirməyimizin göstəricisidir.

Aramıza sızan düşmənlər

Ermənistandakılar isə özlərini yox, Azərbaycanı ittiham edirlər. Azərbaycan rəsmi səviyyədə, həm də bir neçə dəfə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Üstəlik, Ermənistanın özünə daha çox lazım olan kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması təklifini edib. Amma Fransa, ABŞ və eyni zamanda erməni lobbisinin təhriki ilə sülhə gəlmək istəməyən ermənilər müxtəlif bəhanələrlə görüşdən yayınır, təmaslardan qaçır, yaxud yeni-yeni tələblər irəli sürməklə “qalib dövlət” obrazı yaradırlar. Təəccüblü burasıdır ki, Azərbaycanda da “erməni havası”na züy tutanlar var. Törədəcəyi “stəkanda fırtınadan, söylədikləri “boğazdan yuxarı” getməyən AXCP-nin “Yurd” fraksiyasının “lider”i Əli Kərimli və ətrafı o “ansanbl”ın üzvləridir. Ailəsinə sahib çıxmayan, amma bir partiyaya rəhbərlik edən, üstəlik Azərbaycan iddiasında olan bu adam sülhün bu qədər uzanmasında işğalçı, düşmən ölkəni yox, Azərbaycanı günahlandırır. Halbuki, Ermənistan-Azərbaycan danışıqlarının bütün detallarını, kimin sülhə nəyə görə mane olduğunu az qala hər kəs bilir. Bəs Əlinin və ətrafının qulaqları niyə tutulub, eşitməz olublar. Yəni, Azərbaycanı günahkar çıxarmaqla nə əldə etmək istəyir? Belə siyasətçimi olar?

Misal da göstərə bilərik, Əli Kərimovun “sağ əli” Fuad Qəhrəmanlı deyib ki, "Azərbaycan iqtidarı sülh danışıqlarını uzatmağa çalışır, Azərbaycan ayağını sürüməklə danışıqlardan imtina edir". Bu, nə deməkdir, ermənidən çox erməni olmaqmı? Bəlkə, kərimovçuların xərcləməyə daha heç bir mövzusu qalmayıb? Ya da ölkə ictimaiyyətinə deməyə sözləri qalmadığından, indi də beynəlxalq mövzulara girişiblər. Azərbaycanın hər uğuru ermənilər kimi kərimovçuları da narahat edir. Belə olmasaydı bütün havalara eyni rəqsi ifa etməzdilər. Bəla burasındadır ki, Azərbaycanı ittiham edən bu antimilli ünsür indiyə qədər Ermənistanın təxribatçı mövqeyinə dair bir kəlmə danışmayıblar, hətta işğal dövründə ermənilərin mövqeyini bir dəfə də olsun tənqid etməyiblər. Hələ başqa yanaşmaları, məsələn, bəyanatları, kütləvi etirazları demirik. Kərimovçuların keçirdikləri qanunsuz aksiyalar yalnız Azərbaycan dövlətinə qarşı olub, ya da qondarma “insan haqları”, “feministlərin” və “homoseksuallar”ın müdafiəsi xarakteri daşıyıb. Bu sırada Ermənistanın işğalçı siyasətinə qarşı heç bir addımı görmürük. Bir dəfə də olsun Fransa hakimiyyətinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini tənqid etməyiblər, sülh prosesinə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan ədalətli yanaşmasını təqdir etməyiblər.

Azərbaycanın dağıdıcı müxalifəti sayılan, əməlləri ilə dövlətçiliyimizə qarşı düşmənçilik edən kərimovçuların xəyanətini sadalamaqla bitməz. Avropanın yemlədiyi Ermənistanın həmin tikədən bu yırtıcılara da bir pay göndərməsi yeni xəbər deyil. Bu “qardaşlığın” tarixçəsi I Qarabağ müharibəsindən başlayır. Torpaqların satılması, xəyanətlər, erməni tanklarının bizim neftimizlə təmin edilməsi, düşmən ölkə ilə Gürcüstan üzərindən gizli ticari əlaqələrin yaradılması (Bu barədə rəhmətlik Elçibəyin rəhbərliyi ilə Prezident Aparatında keçirilən sonuncu 17 may 1993-cü il müşavirəsində deyilmişdi – müəllif) da Kərimovun “dövlət katibi” olduğu vaxta təsadüf edir. Bu gün yenə çax-çax baş ağrıdır, zamanında Azərbaycanı idarə edə bilməyənlərin başında duranlardan biri olan Kərimov idarəçilikdən danışır, başqalarına ağıl öyrədir. Onun biət etdiyi Ermənistanda isə…

Əsas məsələyə gələk. Norveç İnsan Haqları Evi Fondunun təçkilatçılığı ilə keçirilən növbəti anti-Azərbaycan tədbirinə yenə ələ alınmış iki “jurnalisti” cəlb ediblər. Arzu Qeybulla Azərbaycanda yaşamır, əməlində olmasa da, milliyyətcə azərbaycanlıdır, ABŞ-da yaşayır. İngiltərədə School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alandan sonra Milli Demokratiya İnstitutunun proqramına cəlb edilib. Daha sonra Norveçdə Azərbaycan əlehinə fəaliyyətdə ixtisaslaşmış birisidir. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışıb.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə