Qlobal Bakı Forumu Azərbaycanın nüfuzunun nümayişidir - DEPUTATIN ŞƏRHİ
“Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Martın 14-də keçirilən XI Qlobal Bakı Forumu “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan Forumda da hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib. Azərbaycan bu gün beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və Bakıda keçirilən mötəbər tədbir ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. Hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkilinə rəvac verib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, dünyada və regionumuzda bir çox hadisələr baş verib, əsas geosiyasi dəyişiklik isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır: “Zaman göstərdi ki, biz haqq yolundayıq. Bu gün regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Artıq Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək böyük tarixi zəfərə imza atıb. İndi suveren, bütün ərazi bütövlüyü təmin olunmuş qüdrətli Azərbaycan dövləti mövcuddur! Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən bu tədbir artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusu qazanıb. Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, eneryi təhlükəsizliyi kimi məsələləri daim gündəmdə saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna da mühüm töhfə verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB