"İşğalçı dövlətin silahlandırılması beynəlxalq normalara uyğun gəlmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İşğalçı dövlətin silahlandırılması beynəlxalq normalara uyğun gəlmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın apardığı xarici siyasət region dövlətlərin maraqlarına uyğun gəlmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

O bildirib ki, Paşinyan açıq şəkildə Qərbin əlində alət olaraq Cənubi Qafqazda, xüsusilə də, Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirərək Cənubi Qafqazda qaynar ocaq yaratmaqla Qərbin maraqlarına xidmət edir: "Çünki başda Birləşmiş Ştatlar olmaqla Qərb koalisiyası Cənubi Qafqaza girmək istəyir. Bunun üçün də Paşinyan şərti sərhəddə gərginlik yaratmaq istəyir ki, beynəlxalq sülhməramlı qüvvələrini Ermənistan-Azərbaycan sərhədində yerləşdirsin. Başda Birləşmiş Ştatlar olmaqla qərbin hərbi kontingentinin Cənubi Qafqaza girməsi region dövlətlərin, xüsusilə də, İran, Türkiyə, Rusiya, Azərbaycanın maraqlarına uyğun gəlmir. Buna baxmayaraq Ermənistanı hərbi cəhətdən silahlandırırlar. İşğalçı olan dövlətin silahlandırılması heç bir beynəlxalq normalara uyğun gəlmir. Çünki BMT-nin 4 qətnaməsi var ki, Ermənistan işğalçı dövlət kimi tanınırdı. Bu baxımdan Ermənistanın yenidən silahlandırılması region dövlətlərin maraqlarına, Azərbaycan-Ermənistan münasibətlərini sülh yolu ilə həllinə bilavasitə təsir edir. Təbii ki, Ermənistan blokada olan dövlətdir.

Ermənistanı silahla təmin etmək üçün qərbin silahlarının Ermənistana gəlməsi üçün iki yol var idi, biri hava yolu, digəri də dəniz yolu. Dəniz yolundan gətirilməsi real görünmür. Ona görə ki, Türkiyə öz ərazisindən - Qara dənizdən Fransaya və Qərbə aid olan silahları Türkiyədən keçərək Gürcüstana, oradan da Ermənistana gəlməsinə yol vermir. Ermənistan yol axtarır. Beynəlxalq hava yolları qaydalarına görə hər bir sərnişin təyyarələrinin keçməsi problem deyil. Hətta Azərbaycan üzərindən də Ermənistana sərnişin təyyarələrinin getməsi ola bilər. Ancaq qaydalara görə aparılan yük hərbi silah-sursat olarsa, bu zaman həmin təyyarələrin hava məkanından keçməsi yolverilməzdir. Ermənistan çalışır ki, Hindistanın istehsal etdiyi silahlarını Ermənistana gətirmək üçün İran faktoru həyata keçirilə bilər. Yeganə yolu İran üzərindəndir. Amma İran dövləti də bilməlidir ki, Paşinyanın Qərbyönümlü siyasəti region dövlətlərin maraqlarına uyğun deyil. Xüsusilə də, İranın maraqlarına uyğun deyil. Çünki Ermənistanın apardığı siyasət Birləşmiş Ştatların maraqlarına uyğundur".

"Birləşmiş Ştatlarla İran arasında düşmənçilik siyasəti gedir. Ermənistanın diplomatik korpusu Amerikanın Ermənistanda fəaliyyət göstərən səfirliyində 2 mindən artıq diplomatik korpus fəaliyyət göstərir. Bu korpusda 50% mərkəzi kəşfiyyat idarəsinə xidmət edən kadrlardır. Ermənistanda ABŞ-ın kəşfiyyat idarəsinin rezidenturası var. Bu rezidentura vasitəsilə İranın daxilində kəşfiyyat pozuculuq işləri aparılır. İranın daxilində iğtişaş törətmək, rəngli inqilablar adı altında dövlət çevrilişləri etmək istəyir. Bayden hakimiyyətə gəldikdən bir il sonra bəyan etdi ki, İranda hakimiyyət dəyişiklikləri ediləcək.

İran dövləti də, yəqin ki, bunu anlamamış olmaz. Çünki Paşinyanı hakimiyyətə gətirən ABŞ onun üzərindən Cənubi Qafqaza girmək və regionu təsir dairəsinə salmaq istəyir. Bu da İranın strateji marağına uyğun gəlmir. Buna baxmayaraq İran maraqlarına uyğun olaraq Ermənistanla əməkdaşlıq etməkdə maraqlıdır. İran bir şeyi unudur ki, Paşinyan Birləşmiş Ştatların kadrıdır. Paşinyan Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətmək istəyir. Boşluğu Qərb silahlı qüvvələri ilə təmin etmək istəyir. NATO blokunun hərbi kontingentini regiona gətirəcək. Bu, İranın dövlət maraqlarına uyğun gəlmir. Yenə də İran ərazisindən Hindistan istehsalı olan silahların Ermənistana aparılması İranın özünə təhdid yarada bilər. Bu cür məqamlar ölçülüb biçilməlidir. Regionun inkişafı və tərəqqisi üçün 3+3 formatı çərçivəsində region dövlətlərin əməkdaşlığı inkişafa gətirib çıxara bilər. 3+3 formatı həyata keçirilərsə, Qərb regiona girə bilməz. Ona görə Qərb qüvvələri çalışır ki, Paşinyanın bu formata getməsinə mane olsunlar. Bu formatın həyata keçməsi üçün Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Paşinyanın apardığı siyasət regionda stabilliyi pozur" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə