Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə hansı ədalətsizliyə yol verdiyini, nə dərəcədə qərəzli yanaşdığını görməmək mümkün deyil. Hansısa təsir və təzyiq niyyəti ilə hər dəfə ölkəmizə qarşı əsassız şəkildə müxtəlif sanksiya və qətnamələr uyduran bir beynəlxalq qurumün rəsmi Bakı ilə bağlı mövqeyi artıq bəllidir və ölkəmizin müstəqil siyasət yürütməsi görünür, həmin təşkilat üçün heç də məqbul hesab edilmir. Amma bu o demək deyil ki, Avropa Şurası Parlament Assambleyasından başqa qətiyyən güman yeri yoxdur, əksinə, Azərbaycan meydanda tək deyil və Türk Dövlətlərinin Parlament Assambleyası, TürkPA kimi bir təşkilat bizi birləşdirir və vahid ailədə, türk ailəsində birləşməklə, gücümüzə güc qatılır, qüdrətimiz də dəfələrlə artır.
Ölkəmizə münasibətdə qardaş Türkiyə tərəfindən daim dəstək ifadə edildiyinin onsuz da bu zamana qədər dəfələrlə şahidi olmuşuq. İstənilən beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin qardaş ölkə tərəfindən müdafiə edilməsi, eləcə də, rəsmi Bakının məhz Ankaranın mövqeyini dəstəkləməsi bir ənənə halını alıb. Çünki biz bir millət iki dövlətik və bizə bir-birimizdən yaxın heç bir dövlət ola bilməz. Türkün dostu elə türkdür və biz artıq bir ailədə, türk ailəsində birləşmişik. “Türk Dövlətlərinin Parlament Assambleyası, TürkPA, Avropa Şurası Parlament Assambleyasının bütün təzyiqlərinə baxmayaraq, Azərbaycana dəstəyini davam etdirəcək”, - deyə TürkPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestenin komissiyanın Bakıda keçirilən XI iclasında bəyan etməsi təsdiq edir ki, bizim qardaşlığımız, türk qardaşlığı möhkəm təməllər üzərində qurulub. Bu, həm də onu göstərir ki, Azərbaycan meydanda tək deyil və bizim birliyimiz, bizim müttəfiqliyimiz bizi daha qüdrətli edir.
“AŞPA-nın bütün təzyiqlərinə baxmayaraq, biz həmişə qardaş Azərbaycanın yanında olacağıq”, - deyə bəyan edən Osman Mesten hasisələrin necə cərəyan etməsindən və hansısa təşkilatın hansısa formada təzyiqlərindən asılı olmayaraq, Ankaranın məhz Bakının daim yanında olcağı mesajını verib. TürkPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri həmçinin öz nitqində beynəlxalq təşkilatlarla, xüsusən də Türk Dövlətləri Təşkilatı ilə əlaqələri inkişaf etdirmək çağırışı edib. “Biz Özbəkistan və Türkmənistanı da TürkPA üzvləri arasında görmək istəyirik”, deyə bəyan edən Osman Mesten türk dövlətlərinin birliyinin vacibliyini ön plana çəkib. Müasir dövrdə, ələlxüsus da türkofobiyanın bütün dünyada artdığı bir dönəmdə həqiqətən də türk dövlətlərinin birliyi, türk qardaşlığı əvəzsizdir və sevindirici haldır ki, türk dövlətləri artıq bunun fərqindədirlər.
TürkPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri öz çağırışında hədsiz dərəcədə haqlıdır. Onun çağırışı böyük birliyin mövcudluğu naminədir və bunun, bu birliyin əhəmiyyəti sadaladıqca bitən deyil. Xüsusən də, qlobal geosiyasi turbulentlik şəraitində hər bir ölkənin özünəməxsus dayaq tapması ən vacib şərt hesab olunmaqdadır. Biz türklərə qarşı bütün dünyanın qərəzli yanaşma sərgilədiyi bir dönəmdə, türk dövlətlərinə münasibətdə ədalətsiz yanaşma ortalığa qoyulduğu zamanda türk dövlətlərinin birləşməsi, vahid mövqedə çıxış etməsi ən təsirli vasitədir və bunu dünya ölkələri artıq hesaba almaya bilməz. İndi görürük və əmin oluruq ki, türk dövlətlərinin birliyi və bu birliyin böyük güç demək olduğu çoxdandır ki, qəbul olunmaqdadır. Dünya ölkələri, köllektiv Qərb belə bizim vahid ailədə, türk ailəsində birləşməyimizi, türk qardaşlığını diqqətdən qətiyyən yayındırmır. Əksinə, bizim söz sahibi olmağımız artıq qəbul olunur.
Bir dövlət olaraq, Azərbaycan çoxdan başa düşüb ki, kollektiv Qərb özünün ikili standartlarından əl çəkən deyil. Artıq çoxdan qəbul olunub ki, xristian həmrəyliyi fonnda Ermənistana dəstək Qərb üçün ali dəyərlərdən də üstün hesab olunur. Ermənistanın bu qədər bəşəri cinayətlərə imza atmasının ardınca həmin ölkənin müdafiəsinə qalxan Qərb üçün haqq və ədalətin sonuncu yerdə olduğu dəfələrlə öz təsdiqini tapıb. Saysız-hesabsız sübut edilmiş cinayətlərinə, təkzibedilməz qanunsuzluqlarına rağmən rəsmi İrəvan qətiyyən qınanılmırsa, deməli, bundan sonra da hansısa ədalətli yanaşmanı Qrəb və Avropadan gözləməyə dəyməz. Ələlxüsus da, Qərbin və Avropanın ölkəmizi heç vaxt mental və mədəni baxımdan özünə yaxın hesab etməyəcəyi də təkzib edilə bilməz. Uzaq başı Qərb bizimlə, ən yaxşı halda iş görə, hansısa layihələrə qoşula bilər. Bundan artığına ümid etməyə dəyməz və bu da onu deməyə əsas verir ki, deməli, bizim birliyimiz, türk ailəsində birləşməyimiz, türk qardaşlığı hələ bundan sonra bizim üçün daha vacib məqam hesab edilməkdədir.
Artıq dəfələrlə şahidi olmuşuq ki, Qərb, Avropa, xüsusən də, Avropa Şurası Parlament Assambleyası Ermənistanın gözündə o yekəlikdə tirə fikir vermədən, bunu görməməzlikdən gələrək, Azərbaycanda hər zaman tük atarışına çıxıb. Rəsmi İrəvanın repressiyalarına göz yüman avropalılar Azərbaycanda ən xırda məişət məsələlərini şişirtmək üçün bütün vasitələrə əl atıblar. Qərbin layihəsi olan Nikol Paşinyanın öz siyasi rəqiblərini kütləvi şəkildə “zərərsizləşdirməsi”, bəzilərinin hələ də dəmir barmaqlıqlar arasında olması, azadlıqdan məhrum edilməsi sanki heç Qərbin gözünə də görünmür. Bir çoxlarının evlərində axtarışların aparılması, heç bir əsas olmadan barələrində ittiham irəli sürülməsi də Ermənistan üçün adi hal hesab olunub. Amma nədənsə, Azərbaycanda sübuta yetirilən cinayət əməllərinə görə prokurorluq orqanları tərəfindən məsliyyətə cəlb edilmə faktları Qərbin də Avropanın da gözünə girmiş olub. Mütəlif provokasiyalara belə rəvac vermək niyyəti ilə ölkəmizin daxilində qarışıqlıq salmaq üçün də avropalılar burunlarını soxmadıqları yer qalmayıb. Bəzi qərbyönümlü təşkilatların ölkəmiz əleyhinə fəaliyyətindən belə məharətlə istifadə etməyə çalışıblar. Hələ bundan sonra nələrə əl atacaqları da sözsüz ki, bəlli deyil.
Hadisələrin bu şəkildə cərəyan etməsi, bu qədər ədalətsiz yanaşmalar, haqsızlıq və qərəzin fonunda öz kökümüzə qayıtmağın, türk dövlətləri ailəsində birləşməyin, türk qardaşlığını qəbul etməyin nə dərəcə məntiqli və düzgün addım olduğu özünü bir daha təsdiq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi fikirləri də yaxşı xatırlayırıq. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailə türk dünyasıdır”, deyə dövlətimizin başçısı açıq şəkildə bizim birliyimizin nə dərəcədə vacib olduğunu diqqətə çatdırıb. Hətta Azərbaycanın apardığı siyasətin bunu əyani şəkildə nümayiş etdirdiyini də ölkə rəhbərimiz vurğulayıb. “Bizim Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi qüvvədir, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və biz eyni qəbildən, eyni kökdən olan insanlarıq. Birlik bundan güclü ola bilərmi? Əlbəttə yox. Türk Dövlətləri Təşkilatının qlobal səhnədə mühüm aktor və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmalıyıq. Biz buna ancaq birlikdə nail ola bilərik”, deyə bəyan edən Azərbaycan Prezidenti bizim qarşımızda olan yol xəritəsini göstərib.
Diqqətə çatdıraq ki, daha sonra dövlətimizin başçısı qardaş Türkiyəyə rəsmi səfəri zamanı da bir sıra mühüm bəyanatlar verib. Ölkə rəhbərimiz türk dünyasının birləşməsinin, ortaq köklü xalqların birliyinin UTG-nin hər bir üzvünün güclənməsinə töhfə verəcəyini vurğulayıb. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra mətbuata açıqlamasında bildirib. “Biz beynəlxalq təşkilatlarla bağlı addımlar atmağa davam edəcəyik, səylərimizi ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində davam etdirəcəyik. Bu, bizim üçün prioritet məsələdir”, deyən Azərbaycan Prezidenti xüsusilə vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə region üçün deyil, Avrasiya üçün də mühüm amilə çevrilib. Həqiqətən də bunu duymamaq, görməmək, hiss etməmək mümkün deyil və bu, bizi həm sevindirir, həm də qürurlandırır.
Sözsüz ki, AŞPA-nın bütün təzyiqlərinə baxmayaraq, ölkəmizə qarşı məlum sanksiya və qətnamələrinə məhəl qoymayaraq, TürkPA-nın Azərbaycanı dəstəkləməyə davam edəcəyi barədə açıq və yüksək səslə bəyan edilməsi sıradan bir bəyanat, sıradan bir hadisə deyil. Bu, başda Azərbaycan olmaqla, türk dövlətlərinin düzgün müəyyən etdiyi prioritetlərin, türk dövlətlərinin gücünün, birliyinin, həmrəyliyinin sübutudur. Türk birliyinin, türk qardaşlığının rolu artıq danılmazdır və biz bu birlik və qardaşlıq naminə daha da sız birləşməliyik ki, qüdrətimiz dəfələrlə artsın və bizə qarşı olan istənilən qərəzli addım fiaskoya uğrasın. Bu baxımdan da bizim üçün hədsiz dərəcədə əhəmiyyətli olan türk qardaşlığı hər birimizin amalı olaraq qəbul edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB