"Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə kommunikasiyalar açılacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə kommunikasiyalar açılacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

“Qərbin, xüsusilə də aktivlik nümayiş etdirən Fransanın cəhdləri sülh müqaviləsinin imzalanmamasına yönəlib”. Bu barədə SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərnə görə, Azərbaycan və Ermənistan arasında sülh mövcud olmadıqca münaqişə vəziyyəti davamlı olaraq qalacaq və bu da xarici faktorların bölgəyə müdaxilə etməsinə imkan yaradacaq: “Sülh sazişinin əldə olunmaması üçün göstərilən cəhdlərin başqa bir səbəbi isə Ermənistanın silahlandırılması, bu ərazidən istifadə edərək Mərkəzi Asiyanın resurslarına çıxış imkanlarının əldə edilməsi, orta dəhliz üzərində nəzarətin ələ alınmasıdır. Bu prosesin içərisində regional və qlobal maraqlar var. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə, sülh müqaviləsi imzalanarsa, bu problemlər faktiki olaraq aradan qalxacaq, regionda kommunikasiyalar açılacaq. Bu isə başda Ermənistanın özünün dövlət olaraq mövcudluğunun təmin olunması və iqtisadi rifahının əldə olunması üçün əsas vacib şərtlərdən biridir”.

Politoloq bildirib ki, bu gün qərbin bölgəyə müdaxiləsi Ermənistanın özünün inkişafına mane olan faktorlardan biridir: “Qeyd edim ki, Fransa və digər ölkələrin Ermənistanla bağlı verdikləri gurultulu bəyanatlara baxmayaraq bu ölkələrin orada hansısa investisiyası yoxdur. O zaman sual yaranır, Ermənistan onlar üçün belə vacib dövlətdirsə və doğurdan da Ermənistanın təəssübünü çəkirlərsə o zaman nə üçün Ermənistan iqtisadiyyatının inkişafı istiqamətində hansısa addım atmır və bu iqtisadiyyatın inkişafına təkan verəcək prosesləri stimullaşdırmırlar? Əgər qərb həqiqətən Ermənistanın dostu olsaydı, o zaman Azərbaycanla sülh əldə olunması, nəticə etibarilə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sərhədlərinin və kommunikasiyaların açılmasına özünün dəstəyini göstərərdi ki, Ermənistan iqtisadi asılılıqdan qurtarsın. Amma göründüyü kimi belə addımlar yoxdur. Bu aspektdən də şübhəsiz ki, əgər Ermənistan sülh istiqamətində konstruktiv mövqe nümayiş etdirərsə, o zaman qərbin proseslərə hansısa formada müdaxiləsindən asılı olmayaraq regionda qısa zaman kəsiyində sülhün, təhlükəsizliyin və iqtisadi fəallığın təmin edilməsi mümkün olacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə