Aşqabaddan “qaz tanqosu” - RAKURS

Türkmənistan qazı Avropaya Azərbaycandan, yoxsa İrandan tranzit olunacaq?

Avropanın Mərkəzi Asiyaya soxulmaq üçün yollar aradığı heç kimə sir deyil. Amma necə? Bunun üçün gərək Mərkəzi Asiya dövlətləri ilə bağlanmış iqtisadi əlaqələrə yenidən baxılsın, yəni hansısa ölkə bu bazardan vurulub çıxarılmalıdır. Mərkəzi Asiya ilə qonşu olan, həm də kifayət qədər iqtisadi əlaqələrə, siyasi təsirlərə malik 4 iri imperiya dövlətləri var: Çin, Rusiya, Türkiyə və İran. Bu güclərin əlindən Mərkəzi Asiyanın təbii resurslarını çıxarmaq, yaxud “köhnə bazara yeni nırx qoymaq” üçün böyük imkanlara malik olmalısan. Bu region yeni reallıqlara uyğun olaraq Türkiyənin nüfuz dairəsinə keçməkdədir. Nəzərə alsaq ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan türkdilli ölkələrdir və Türk Dövlətləri Təşkilatının üzvləridir və digər türkdilli ölkələrlə müxtəlif spektrli əlaqələrə malikdirlər, etnik və dini yaxınlıqları var, onda kənar aktorların bu bölgəyə asanlıqla daxil olacağı sadəcə qeyri-mümkündür. Amma istisnalar da ola bilər.

Fransa prezidentinin ötən ilin sonlarında Mərkəzi Asiyaya triumfsayağı səfəri zamanı apardığı danışıqlar, iştahlandırıcı vədləri diplomatik qaydalara uyğun olaraq Makronun üzünə vurulmasa da, analitiklər bu səfərin heç bir əhəmiyyətinin olmayacağı əvvəlcədən bəli idi. Afrikadan qovulan Fransa Cənubi Qafqazda, bud a olmasa Mərkəzi Asiyada lövbərlənməyi qarşısına məqsəd kimi qoyub. Hər iki regionda Parisin üstünlük qazanacağı müşküldür. Buna baxmayaraq Mərkəzi Asiya ölkələri Avropa bazarına çıxış əldə etmək üçün fərqli yanaşmalar sərgiləyə bilərlər, amma “qırmızı xətt”I keçməmək şərti ilə.

Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov martın 1-3-də Anadolu Diplomatik Forumunda iştirak edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Danışıqlar nəticəsində Türkmənistan qazının Türkiyəyə və daha sonra Avropaya tədarükünə dair niyyət memorandumu da daxil olmaqla, sənədlər paketi imzalanıb. Amma həmin kəmərin hansı ölkədən, Azərbaycandan, yoxsa İrandan keçəcəyi hələ də dəqiqləşməyib. Tehran bu layihənin yeni iştirakçısı olmağa çalışır. Məsələ burasındadır ki, qaz tranziti İran ərazisindən keçərsə Transxəzər kəmərinin tikintisi məsələsi avtomatik olaraq arxa plana keçir. Ankara qaz qovşağı yaratmaq məqsədinə nail olur, Aşqabad isə Moskva və Pekinin təsir orbitini tərk edir.

“Sənəd ölkələrimizin əməkdaşlığına töhfə vermək məqsədi daşıyır və təbii qaz sahəsində birgə işin əsasını təşkil edir. Sənədin altındakı imzalar türkmən qazını əvvəlcə Türkiyəyə, sonra isə dünya bazarlarına çıxarmaq istəyimizi simvolizə edir”, - Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Türkiyə öz ərazisində regional qaz ticarət mərkəzi yaratmaqda maraqlıdır. Bunun üçün Ankara öz ərazisinə müxtəlif mənbələrdən yanacağın çatdırılmasını təmin etməlidir.

Dünyada təbii qaz ixracatına görə birinci yerdə Rusiyadır, İran və Qətər sonrakı yerləri, dördüncü yeri isə Türkmənistan tuta bilər. Türkiyə digər ölkələrdən maye qazın tədarükünü də nəzərdən keçirir. Beləliklə, resursların cari qiyməti Türkiyə birja platformasında formalaşacaq. Sual həll olunmamış qalır: türkmən qazı hansı marşrutlarla ötürüləcək? Berdiməhəmmədovun Antalyada dediyi kimi, iki variant var - Xəzər dənizi vasitəsilə Azərbaycana və İran vasitəsilə. Tehran Türkmənistan resurslarının tranzitində maraqlıdır və svop sazişləri çərçivəsində 30 milyard kubmetrə qədər qazı Türkiyə sərhədlərinə və ya mövcud boru kəməri vasitəsilə verməyə hazırdır. Amma indi bütün oyunçular üçün vacib olan o qədər də texniki icra deyil, fundamental razılaşmaların əldə olunmasıdır. Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı müxtəlif bəyanatların və imzalanmış deklarativ sənədlərin sayını saymaq olmaz. Sazişlərin icrasının praktiki nəticələri barədə heç nə məlum deyil.

Qurbanqulu Berdiməhəmmədovun “sivil Qərb dünyası”nın mötəbər dairəsinə daxil olmaq və orada əl sıxmaq istəyi ilə bağlı sırf subyektiv, şəxsi-mental ölçü də var. Başqa sözlə, Türkmənistan hakimiyyəti hər şeyin “Azərbaycandakı kimi” olmasını istəyir”, - deyə Mərkəzi Asiya üzrə ekspert Serdar Aytakov bildirib. Ədalət naminə qeyd etmək lazımdır ki, Türkmənistan hakimiyyəti insan hüquqları, xüsusən gender bərabərliyi sahəsində səylərini kəskin şəkildə artırıb. Mütəmadi olaraq Türkmənistanda qadınların bir çox cəhətdən düşündüyündən daha çox bərabər hüquqlara malik olduğunu bütün dünyaya sübut etmək üçün nəzərdə tutulmuş seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər haqqında Türkmənistan mediasında yazılar dərc edilir. Əgər əvvəllər Türkmənistan hakimiyyəti tərəfindən it və pişiklərin kütləvi şəkildə məhv edilməsi ilə bağlı göstərişlərlərin verildiyinə dair məlumatlar dolaşırdısa, bu gün fərqli mənzərənin olduğundan danışılır, Türkmənistan hakimiyyəti türkmən alabaylarının yetişdirilməsi üçün xüsusi yerlərin açılması və onlardan birinə abidə qoyulması barədə məlumat verilir. Bununla belə, mövcud vəziyyət əvvəlkilərdən onunla fərqlənir ki, Türkmənistanda insan haqları ilə bağlı yaxşı reallığın təqlid edilməsi prosesində beynəlxalq təşkilatlar, BMT proqramları, Qərb ölkələrinin səfirlikləri, ATƏT ofisi və digər beynəlxalq qurumlar ən fəal iştirak edir. Ekspertlərin fikrincə, bütün ölçüləri birləşdirən motiv Türkmənistan hakimiyyətinin öz iqtisadiyyatını “qaz” pulu ilə doldurmaq arzusudur.

Berdiməhəmmədovun bəyanatında yeni motiv İranın Türkiyə və Avropaya qaz nəqlində tranzit ölkələr zəncirinə daxil olması ideyasıdır. Digər tərəf müqabilləri ilə əvvəlcədən razılaşdırılmasaydı, Berdiməhəmmədov belə sınaq şarını atmağa cəsarət etməzdi. İranın transit ölkə kimi dövrəyə girməsi, dediyimiz kimi, Transxəzər boru kəmərinin tikintisini təxirə sala bilər. Avropa İttifaqının Berdiməhəmmədovun növbəti “qaz tanqosu” dəvətini nə dərəcədə ciddi qəbul edəcəyi tezliklə bəlli olacaq. Avropa Parlamentinin Mərkəzi Asiya üçün yeni Aİ Strategiyasının təcili olaraq hazırlanması təşəbbüsü, “kritik minerallara” çıxış üçün Aİ Qlobal Gateway proqramı və Mərkəzi Asiyada Aİ-nin digər təşəbbüsləri bu ilin sonuna qədər vahid xarakter almalıdır. O zaman yeni Türkmən-Avropa müəssisəsinin iştirakçılarının dairəsi bəlli olacaq və bəlkə də bunun üçün pul ödəməyə razı olanlar məlum olacaq. Təbii ki, bu fikir Türkmənistan hakimiyyətinin növbəti blefi deyilsə.

Türkmənistanın qaz siyasəti ilk baxışdan heç bir milli maraq güdülmədən yürüdüldüyü görünür. Yəni Türkdilli Dövlətlər Təşkilatının maraqları, ümumtürk dünyasının strateji planları nəzərə alınmaqla bu layihə həyata keçirilsə qazanan tərəf də türk dövlətləri olacaq. Avropanın İrana sanksiyalar tətbiq etdiyi də nəzərdən qaçmamalıdır. Son söz yenə Türk dövlətlərinindir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə