"ATƏT Azərabaycanda insan haqlarının qorunması ilə bağlı heç bir addım atmadı" - ŞƏRH EDİLDİ

Azərbaycan 32 ildir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzvdür. Bəs 32 il ərzində təşkilatın fəaliyyəti Azərbaycana hansı şəkildə təsir edib? SİA olaraq mövzu ilə bağlı siyasi şərhçi Sədrəddin Soltanın fikrini öyrəndik.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif beynəlxalq təşkilatlara üzv oldu: “Bu zaman Azərbaycanın qarşısında müstəqilliyini möhkəmləndirməsi, həm dünya siyasətinin tərkib hissəsi olduğunu nümayiş etdirməsi, həm Azərbaycanın demokratik yolla inkişaf etməsi, həm də Qarabağ müharibəsinin dinc yolla həlli kimi məsələlər dururdu. Həmin dövrdə Azərbaycan ATƏT-in Minsk qrupu deyilən qurumun yaranmasına da razılıq verdi. Bu qurum Qarabağ və ətraf rayonların işğaldan azad edilməsinə yardım məqsədilə yaradılmışdı. Elə həmin il Minsk qrupunun həmsədrlik institutu yaradıldı. Həmsədrlik institutu yaranandan 30 il ərzində Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi istiqamətində bir addım atmadı. Hesab edilirdi ki, Avropa İttifaqında nüfuzlu təşkilatlar var və o təşkilatlar Azərbaycanla Ermənistan arasında vasitəçilik edə bilərlər. Çünki Ermənistan da Azərbaycan kimi bu təşkilata üzv idi”.

S.Soltan bildirib ki, ATƏT BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını işğaldan edilməsi ilə bağlı qətnamalərinin icra edilməsinə belə dəstək verə bilmədi: “Nəticədə Azərbaycan ATƏT və Avropanın digər qurumları ilə əməkdaşlıqları genişləndirdikcə, onların Azərbaycana səfərləri intensivləşdikcə ermənilər havadarları ilə birlikdə işğal olumuş torpaqlarda möhkəmlənirdilər. İşğal edilmiş torpaqlarda milli mədəni abidələr, dini mərkəzlər dağıdılırdı. ATƏT guya Azərbaycan üçün demokratik cəmiyyətin yaranması üçün canfəşanlıq göstərir. Əslində isə təşkilat Azərabaycanda insan haqlarının qorunması ilə bağlı heç bir addım atmadı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir iş görülmədi. Azərbaycan cəmiyyəti üçün əsas meyar torpaqların işğaldan azad edilməsi istiqamətində hansı ölkə, təşkilat ədalətli atıb? Meyarı ilə ölçülür”.

Müsahibimiz sonda qeyd edib ki, ATƏT insan haqları, demokratiya ilə bağlı Azərbaycanda hansısa layihələr həyata keçirib: “Amma bu layihələr demokratik inkişaf baxımından da Azərbaycana heç bir təsir göstərmədi. Bu təşkilat nə torpaqların işğaldan azad edilməsinə ,nə də demokratik məşvərətçi qurum kimi Azərbaycanın inkişafına təsir göstərmədi”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə