Azərbaycan Prezidenti çıxışı ilə Xocalıdan dünyaya ədalət dərsi keçdi - ŞƏRH

"Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir".

Bunu fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Bəli, Xocalı soyqırımının ildönümündə Azərbaycan Prezidentinin Xocalıya səfər etməsi və sakinlər ilə görüşməsi ədalətin, haqqın təntənəsi idi. Ali Baş Komandan Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirib ki, bu gün Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir: "Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır".

Xüsusilə vurğulamaq istərdim ki, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Xocalı şəhərində soyqırımı memorialının təməlini qoyması tarixi hadisə olmaqla, həm də qalib ölkənin Qalib Liderinin Azərbaycanın bütün ərazilərində suverenliyimizi bərpa etməklə 32 illik həsrətə son qoyduğunu göstərdi. Azərbaycan Prezidenti çıxışı ilə Xocalıdan dünyaya ədalət dərsi keçdi.

"Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik",-deyən dövlətimizin başçısı Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik: "Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik", - deyə dövlət başçısı bildirdi.

Bəli, tariximizin ən faciəli səhifəsi – Xocalı soyqırımından 32 il ötür. Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı bizim acımız olmaqla yanaşı, eyni zamanda dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biri, bəşəriyyətin ləyaqət lövhəsinə həkk olunan qara ləkədir. Amma qisas qiyamətə qalmadı. Xocalıda qurban gedənləri geri qaytara bilməsək də, 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfər və 2023-cü ilin 19-20 sentyabrında Qarabağ məsələsinə qoyulan son nöqtə bizim üçün Xocalının da qisası oldu. 2023-cü ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xocalıda ucaltdığı bayrağımız bunu bütün dünyaya bəyan etdi. Azərbaycan Xocalıya illərdir dünyadan gözlədiyi ədaləti özü öz gücü ilə bərpa etdi...

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi: "İnanırdım və bilirdim, biz buraya qayıdacağıq".

Ancaq Xocalı yarası elə bir yaradır ki o, heç vaxt qaysaq bağlamayacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının söylədiyi kimi, hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq.

"Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik", - deyən dövlət başçısı qeyd edib: "O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?".

"Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik", - Prezident İlham Əliyev vurğulayıb.

Bəli, Ali Baş Komandan, Prezident İlham Əliyev deyir və edir. Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə "Dəmir Yumruq" siyasətnə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu. Ədalətsizliyə qarşı illərlə mübarizə aparan Azərbaycan xalqı və onun lideri İlham Əliyev dünya gücləri qarşısında yenilmədi, milli davadan geri çəkilmədi və 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Böyük Qayıdış" Dövlət Proqramı ilə XOCALIDA ƏDALƏTİ özü bərpa etdi.

Bir sözlə, bütün bu uğurlar, Xocalı cəlladlarının cəzalanması, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun və Azərbaycan Xalqının birgə qələbəsi və ədalətin təntənəsidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə