“Xocalıda suverenliyin sona qədər müdafiə olunacağı mesajları verildi” - SİYASİ EKSPERT DANIŞDI

“Fevralın 26-da Azərbaycan Prezidentinin Xocalıya səfəri ölkəmizin işğaldan azad edilmiş bütün ərazilərində Azərbaycanın suverenliyinin bərpası və gücləndirilməsi siyasətinin ardıcıl şəkildə həyata keçirildiyinin nümunəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə ilk gündən böyük bərpa və quruculuq işlərinin başladığı, təhlükəsizlik üçün sərhədlərdə lazımi addımların atıldığı kimi eynilə də bir zamanlar ermənilərin soyqırımı törətdikləri Xocalıdan ölkə başçısının bütün dünyaya mesajlar verməsi bir daha sübut edir ki, Azərbaycan özünün işğal olunmuş ərazilərində suverenliyinin tam şəkildə bərpası üçün lazımi bütün addımları atmaq iradəsindədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Xocalıda fevralın 26-da dövlət rəhbəri tərəfindən atılan addımlar Azərbaycanın bir sıra məsələlərdə dövlət siyasətinin əsl hədəflərini ortaya qoydu: “Azərbaycan bir daha nümayiş etdirdi ki, Xocalıda 32 il əvvəl törədilən cinayət cəzasız qalmayacaq, cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Artıq bütün dünya görür ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası ilə bərabər yaxın keçmişdə xalqa qarşı törədilən cinayətlərin də lazımi hüquqi, siyasi qiymətinin verilməsini unutmur. Bu gün Ermənistanın sülh sazişini imzalamasına maneə olan, onu yeni müharibəyə qızışdıran və hazırlaşdıran yeni dövlətlər də Qarabağ münaqişəsinin həll olunmasına qədərki dövrdə tutduqları cinayətkar mövqeni bu gün də davam etdirən ölkələr kimi qəbul olunurlar. Yəni, həmin ölkələr Qarabağ müharibəsinin davam etdiyi dövrlərdə Ermənistana dəstək verirdilər, bu gün isə sülh sazişinin imzalanmamasında Ermənistanı müdafiə edirlər. Bütün bunların qarşılığı olaraq isə Xocalıda Azərbaycanın suverenliyinin sona qədər müdafiə olunacağı mesajları verildi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə