Partiya sədri İlqar Məmmədovun dediklərinə belə cavab verdi - TƏNQİD

Partiya sədri İlqar Məmmədovun dediklərinə belə cavab verdi - TƏNQİD

"REAL" partiyasının sədri İlqar Məmmədov sosial media hesabında belə bir paylaşım edib ki, “Noyabrda keçiriləcək iqlim zirvəsi üçün yuxarı-aşağı 1 milyard dollara qədər pul lazımdır. Problemin ən "rahat" həlli manatın ucuzlaşdırılması və bu üsulla əlavə xərcin zənginli-yoxsullu hər vətəndaşın üzərinə atılmasıdır”. İlqar Məmmədov bununla nə demək istəyir? Bu hökumətin bu addımı atacağı iddiasıdırmı? SİA mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağının fikrini öyrənib.

Onun sözlərinə görə, İlqar Məmmədov bildiyi-bilmədiyi hər şeyə müdaxilə edir: “Bu Azərbaycanın dünyada tanıdılması baxımından, beynəlxalq təşkilatlar arasında təbliğatı baxımından çox əhəmiyyətli hadisədir. Bütün dünya iqlim dəyişikliyi məsələsi ilə bağlı narahatdır. Azərbaycan rəhbərliyinin bu hadisəni ölkəmizə gətirməsi asan başa gəlməyib. Burada ölkələr arasında rəqabət var idi”.

A.Nağı bildirib ki, bu tədbir çərçivəsində bütün dünyadan insanlar, mütəxəssislər gələcək, geniş müzakirələr ediləcək: “Bu tədbir çərçivəsində həm dünyanın vəziyyətinə iqlim dəyişikliyi ilə həm də digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Bunun əhəmiyyəti həm təbliğat, həm də praktiki baxımdan böyükdür. Dövlət bu mövzuda hesablamalar aparır, əlbəttə böyük xərclər tələb olunur”.

Müsahibimiz qeyd edib ki, İlqar Məmmədov populist tərəfdən insanlara təsir etməyə çalışır ki, manat qüvvədən düşə bilər, devalvasiya, bahalaşma ola bilər: “Hesab edirəm ki, bunlar bir-biri ilə əlaqəli məsələlər deyil. Ümumiyyətlə Azərbaycan hökuməti pul-maliyyə siyasətini kifayət qədər uğurlu həyata keçirir. Azərbaycan manatı təkcə qonşu ölkələrlə müqayisədə deyil, bir çox aparıcı ölkələrin valyutası ilə də müqayisədə mövqeyini kifayət qədər qoruyub saxlayır. Bu məsələnin iqtisadi tərəfi də var. Onunla bağlı mütəxəssislər daha çox fikir söyləyirlər. Amma partiya rəhbəri kimi həm iqtisadi, həm də siyasi ümumiyyətlə bütün sahələrlə bağlı mövqeyimiz olmalıdır”.

Partiya sədri sonda vurğulayıb ki, hansısa məqamda hansısa addımların atılması mümkündür: "2015-ci ildə bu sahədə dəyişiklik oldu. Bu dəyişiklik insanların şəxsi həyatına, dolanışığına mənfi təsir göstərdi. Amma sonradan onun əhəmiyyəti ortaya çıxmağa başladı. Ona görə də bu sahədə ola biləcək dəyişiklikləri COP-29-la əlaqələndirmək və populistlik etməyə ehtiyac yoxdur. İlqar Məmmədov öz işi ilə məşğul olsun"!.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə