“Türkiyə və Azərbaycan dünyaya sülh, əmin-amanlıq mesajı verir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə və Azərbaycan dünyaya sülh, əmin-amanlıq mesajı verir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə-Azərbaycan münasibətləri, qardaşlığı daimi və əbədidir. Bunu hər iki ölkə rəhbərləri dəfələrlə dilə gətiriblər, bu dostluğun hər iki dövlətin mənafeinə uyğun gəldiyini, bilavasitə millətlərin xoşbəxt gələcəyinə hesablandığını bildiriblər. Buna görə də son illər bu əlaqələr daha da inkişaf edir. Bu gün Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Bir çox sahələr üzrə əlaqələrimiz geniş şəkildə inkişaf edib, şaxələnib. Şuşa bəyannaməsinin imzalanmasından sonra əlaqələr daha da möhkəmlənib, genişlənib. Bu gün bütün dünya Türkiyə-Azərbaycan münasibətlərinə həsədlə baxır və bu bir nümunədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, cənab İlham Əliyevin yenidən prezident seçilməsindən sonra Türkiyəyə səfər etməsi də olduqca təbiidir: “Yenidən genişlənən münasibətlərə nəzər salmaq, dünyada baş verən prosesləri təhlil etmək hər iki ölkə üçün əhəmiyyətlidir. Səfərdən öncə ölkə başçısı İlham Əliyev andiçmə mərasimində çıxış edərkən, bildirdi ki, biz Türk ailəsində özümüzü sərbəst hiss edirik, ölkələrimizin gələcəyi Türk Dövlətləri Təşkilatının möhkəmlənməsindən və birliyindən asılıdır. Bu ifadələr Türkiyədə də səsləndi, çoxsaylı görüşlər zamanı ölkə rəhbəri TDT-nin möhkəmlənməsinə böyük önəm verdiyini bildirdi.

Bu gün dünyada baş verən hadisələr, Türk dünyasına qarşı reaksiyalar təhrik edir ki, türk dövlətləri birləşsinlər, vahid platformadan çıxış etsinlər. Bu səbəbdən də son illər Türkiyə və Azərbaycan ölkə liderlərinin səyləri nəticəsində Türk dövlətlərinin birliyi uğrunda ciddi mübarizə aparılır.
Bu gün Türkiyə və Azərbaycan dünyaya sülh, əmin-amanlıq mesajı verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə