"Erməni vəhşiliyinin dünyaya tanıdılması dövlətimizin əsas siyasi xəttini təşkil edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Erməni vəhşiliyinin dünyaya tanıdılması dövlətimizin əsas siyasi xəttini təşkil edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"32 ildir ki, Azərbaycan xalqı əsrin ən ağrılı genosidlərindən olan Xocalı soyqırımının qurbanlarını yad edir. Düşünürəm ki, biz yad etdikcə onların əziz ruhlarını yaşadırıq. Beynəlxalq birlikdə də bu cür faciələrə qarşı adekvat cavabın verilməsi çox vacibdir. Nə qədər ki, "Xocalıya ədalət"i təmin edə bilməmişik, bu cür faciələr planetin başqa yerlərində də təkrarlanacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, erməni vandalizminin tanıdılması, bütün dünyaya onların əsl üzünün göstərilməsi dövlətimizin əsas siyasi xəttini təşkil edir: "Hesab edirəm ki, bu vaxta qədər kifayət qədər işlər görülüb. Xocalı soyqırımının tanıdılması istiqamətində nə qədər mühüm addımlar atılsa, beynəlxalq məhkəmədə erməni qəsbkarlarına layiqli cavabın verilməsini bir o qədər təmin etmiş olacağıq".

"Hər il fevralın 26-da Azərbaycan xalqının Xocalı soyqırımının qurbanlarına göstərdiyi ehtiram xalqımızın qan yaddaşıdır. Bu yaddaşın qorunub saxlanması gələcək nəsillərə erməni xislətinin əsl mahiyyətini unutmamağa, düşmənin kim olduğunu, təhlükənin haradan gələ biləcəyini anlamağa kömək edəcək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə