"Makron keçmiş müstəmləkələri kimi Ermənistanı da fəlakətə sürükləyir" - ŞƏRH EDİLDİ
"Fransanın Ermənistanı, bölgəni də qanlı geosiyasi qarşıdurma və müharibə meydanına çevirmək siyasəti aşkardır. Çünki Fransa Qərbin indiyədək Ukraynada həyata keçirdiyi bu siyasətin bugünkü nəticələrini və ya nəticəsizliyini görmək istəmir. Hesab edir ki, mübarizə elə bu yolla getməlidir. Nə qədər uzun çəksə də, Ukrayna xalqının məşəqqətləri və itkiləri nə qədər çox olsa da, bunlar Fransa və digər Qərb ölkələrini narahat etmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistanla bağlı aparılan siyasətin hədəfi də bu ərazini müharibə meydanına çevirməkdir: "Burada onları maraqlandıran nə erməni xalqı, nə də bölgədəki sülhün və təhlükəsizliyin gələcək taleyidir. Onları maraqlandıran bu bölgədə Rusiyaya qarşı geosiyasi qarşıdurma müstəvisində yeni bir müharibə ocağı yaratmaq, dünyanın başını buna qarışdırmaq və bu konfliktdən istifadə edərək bölgəyə ayaq uzatmaqdan ibarətdir. Makronun Paşinyanla görüşü, ona etdiyi təzyiqlər və verdiyi metodik tövsiyələr bölgədə sülhün əleyhinədir. Fransanın Ermənistana etdiyi hərbi yardımlar məhz bu məqsədi daşıyır. Ermənistanı silahlandırmaqla Fransa həm Rusiya əleyhinə siyasət aparmış olur, həm də II Qarabağ müharibəsində haqlı olaraq qələbəyə qovuşmuş Azərbaycandan qisas almağa çalışır. Makronun Paşinyanı qəbul edərkən dediyi sözlər, onun nə qədər qızışdırıcı mövqe tutduğunu bir daha sübut edir".
A.Quliyev sözlərinə davam edərək bildirib ki, Makron fevralın 12-də sərhəddə baş verən erməni təxribatının mahiyyətini tamamilə baş-ayaq formada təqdim edib: "Fransa prezidenti elə danışdı ki, guya Azərbaycan 2022-ci il oktyabrın 6-da Praqada imzalanmış bəyannamənin əksinə olaraq Ermənistanın ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiyasını həyata keçirmək istəmir: "Eləcə də Azərbaycanın guya Dağlıq Qarabağdan qovduğu erməniləri geri qaytarmaq heç bir halda geri qaytarmaq fikri yoxdur. Halbuki Azərbaycan erməniləri qovmayıb. Makronun bu prinsipial məsələlərin mahiyyətini tam təhrif olunmuş formada çatdırması birmənalı şəkildə göstərir ki, onun məqsədi Ermənistanı və revanşist qüvvələri qızışdırmaqdır. Daha sonra isə yeni hərbi yardımların göndərilməsi onun siyasəti baxımından tamamilə təbiidir. Paşinyanla görüşdən sonra Fransanın müdafiə nazirinin İrəvana göndərilməsi, danışıqlar aparılması, müəyyən sazişlərin imzalanması, bu görüşlərdən sonra onun Azərbaycanla sülh prosesində aqressiv mövqeyi və Rusiya ilə münasibətlərdə daha kəskin qarşıdurma mövqeyinə keçid etməsi Makronun Ermənistana göstərdiyi təsirin nəticəsidir. Amma bu yol Ermənistan üçün fəlakətdir. Makron özünün keçmiş müstəmləkələri kimi Ermənistanı da fəlakətə sürükləyir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB